Kəşmirin 600 illik toy ziyafəti ənənəsi müasir dövrə uyğunlaşır
Payızın yaxınlaşması ilə Hindistanın Kəşmir bölgəsində taxta toxmaqların quzu ətini döyməsi ilə yaranan ritmik səslər yenidən eşidilir. Bu səslər toylarda təqdim olunan, bir neçə yeməkdən ibarət ənənəvi qoyun əti ziyafəti yəni,Wazwanın hazırlanmasından xəbər verir.
Wazwan ənənəsinin 14-cü əsrdə Mərkəzi Asiyadan Kəşmirə gəldiyi bildirilir. Ənənəvi aşpazlardan biri olan 74 yaşlı Ghulam Nabi Baba bu sənəti ailəsindən öyrənib və təxminən 60 ildir toy mərasimlərində Wazwan hazırlayır.
Onun sözlərinə görə, əvvəllər Wazwan süfrəsində yeddi qoyun əti yeməyi təqdim edilirdisə, hazırda yeməklərin sayı təxminən 20-yə çatıb. Hazırlanan ətin miqdarı isə mərasimin miqyasından və ailənin maddi imkanlarından asılı olaraq dəyişir.
Wazwanın menyusu genişlənsə də, hazırlanma üsulu əsasən qorunub. Ət əl ilə döyülür, ədviyyat əlavə edilir və odun üzərində yavaş-yavaş bişirilir.
Lakin ənənənin gələcək nəsillərə ötürülməsində müəyyən dəyişikliklər var. Ghulam Nabi Babanın övladları toy mərasimlərində aşpazlıq etməsə də, oğlu restoran açaraq ailənin kulinariya ənənəsini fərqli formada davam etdirir.
Beləliklə, təxminən 600 illik Wazwan ənənəsi Kəşmirin toy mərasimlərində yaşamaqda davam edir. Ziyafətin menyusu dəyişsə də, onun əsas hazırlanma üsulları və mədəni əhəmiyyəti qorunur.
Həmidə Cəbrayılova