00:00:00
Yazar
Admin User
12.12.2025 16:49 99 3 dəq oxuma
Sosial

Küçə yeməkləri nə qədər sağlamdır?

Küçə yeməkləri nə qədər sağlamdır?

Şəhərin müxtəlif küçələrində satılan fast-food və isti yeməklər həm dadı, həm də əlçatanlığı səbəbindən xüsusilə gənclər arasında geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, küçə yeməkləri gigiyena və qida təhlükəsizliyi baxımından müəyyən risklər daşıya bilər.

 

Mövzu ilə bağlı paytaxt sakini Fidan Əlizadə “İnformator.az”a açıqlamasında bildirib ki, küçə yeməklərindən əsasən vaxt məhdudiyyəti olduqda istifadə edir. Onun sözlərinə görə, gündəlik olaraq bu cür qidalara üstünlük vermir:

 

“Çox vaxt istifadə etmirəm. Adətən dərsə və ya işə tələsəndə, bir də dostlarla gəzərkən yüngül nəsə almaq lazım olanda seçirəm”.

 

Fidan küçə yeməyi alarkən gigiyenaya xüsusi diqqət yetirdiyini vurğulayıb. O deyir ki, satıcının davranışı və hazırlama şəraiti onun üçün əsas meyarlardır:

 

“Satıcının səliqəli olmasına, əlcəkdən istifadə etməsinə, hazırlama yerinin təmizliyinə baxıram. Mühit qarışıq və ya çirkli görünürsə, heç vaxt almıram. Bir dəfə toyuq dönərindən sonra mədə narahatlığı yaşamışam. O vaxtdan daha diqqətliyəm və şübhəli görünən yeməklərdən uzaq dururam”.

 

Məsələ ilə bağlı təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, müasir həyat tərzi insanların qidalanma vərdişlərini dəyişdirib və küçə yeməklərinə marağın artmasına səbəb olub. Onun sözlərinə görə, bu qidaların dadlı və ucuz olması seçimləri asanlaşdırsa da, açıq havada hazırlanması çirklənmə riskini artırır:

 

“Küçə yeməklərinin təhlükəsizlik səviyyəsi həmişə stabil olmur. Açıq mühitdə hazırlandığı üçün mikroorqanizmlərə və çirklənməyə daha həssasdır. Küçə yeməklərində ən çox rast gəlinən problemlərdən biri mikrobioloji çirklənmədir. Salmonella, E.coli və kampilobakter kimi bakteriyalar xüsusilə ət, toyuq və süd məhsullarında çoxalaraq qida zəhərlənməsinə səbəb ola bilir. Çiy və bişmiş qidaların eyni alətlə kəsilməsi çarpaz çirklənmə yaradır və bu, ən çox rast gəlinən təhlükə mənbəyidir. Hazır yeməklərin uzun müddət otaq temperaturunda saxlanması da bakteriyaların sürətlə artmasına şərait yaradır. Satıcının əl gigiyenasına əməl etməməsi, əlcəklərin vaxtında dəyişdirilməməsi, səthlərin təmiz olmaması, qidanın toz, milçək və avtomobil qazları ilə təmasda qalması da əlavə risklər yaradır".

 

Vəliyev hesab edir ki, həm satıcı, həm də istehlakçı diqqətli davransa riskləri xeyli azalda bilər. Onun fikrincə, təhlükəsiz küçə yeməkləri üçün satıcılar əllərin təmizliyinə, əlcəklərin mütəmadi dəyişdirilməsinə, çiy və bişmiş məhsulların ayrılmasına, ətin yaxşı bişirilməsinə, qidanın uyğun temperaturda saxlanmasına və hazırlama səthlərinin davamlı təmizlənməsinə əməl etməlidirlər:

 

"Satıcının səliqəli görünməsi, hazırlama yerinin təmizliyi, yeməyin qoxu və görünüşünün normal olması, ət və toyuğun içdən yaxşı bişməsi və qidanın isti halda təqdim edilməsi əsas göstəricilərdir. Onun sözlərinə görə, həddindən artıq ucuz qiymətlər də keyfiyyətsiz xammaldan istifadə edildiyinə işarə ola bilər. Geyimə və digər zövqlərə göstərdiyimiz diqqəti qida seçimlərimizə də göstərsək, sağlamlığımızı daha yaxşı qoruya bilərik. Bu həm də daha uzun, bərəkətli və rahat həyat deməkdir”.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər