Kanada-ABŞ ticarət müharibəsi alış-veriş vərdişlərini dəyişir
Kanada ilə ABŞ arasında tarif və qadağaların kəskinləşməsi fonunda iqtisadçılar və təchizat zənciri mütəxəssisləri ölkə üzrə istehlakçıları gözləyən yeni reallıqlarla bağlı xəbərdarlıq ediblər.
Ötən ay ABŞ-nin 27,6 milyard dollar dəyərində Kanada malına 50 faizlik yeni tariflər tətbiq etməsinə cavab olaraq Kanadanın sentyabrın 8-dən rüsumlar qoyması, ardınca sustainsız qadağaların gəlməsi iki ölkə arasındakı gərginliyi kulminasiya nöqtəsinə çatdırıb.
Təchizat zənciri üzrə mütəxəssislərin bildirdiyinə görə, kütləvi məhsul qıtlığı və ya tamamilə boşalmış mağaza rəfləri gözlənilmir. Lakin yaxın aylarda, xüsusən, ilin sonuna doğru mövcud ehtiyatlar tükəndikdən sonra, istehlakçılar üç əsas problemlə- qiymət artımı, məhsul və brend çeşidinin azalması, sifariş olunmuş malların gözləmə müddətinin uzanması ilə üz-üzə qalacaqlar.
Kanada Pərakəndə Satış Şurasının nümayəndəsi Mett Puarye bildirib ki, mağazaların avqust ayından etibarən topladıqları ehtiyatlar qısamüddətli qiymət şokunun qarşısını alsa da, orta və uzunmüddətli perspektivdə qiymətlərin qalxması qaçılmazdır.
ABŞ istehsalı olan soyuducu, paltaryuyan və digər iri məişət texnikalarına tətbiq edilən 25 faizlik əlavə vergi qiymətləri qaldırmaqla yanaşı, təmir üçün lazım olan xüsusi idarəetmə lövhələri, pompa və sensor kimi ehtiyat hissələrinin tapılmasını çətinləşdirəcək. Polad, alüminium, köpük, boya və cement məhsullarına qoyulan rüsumlar səbəbindən tikinti və avtomobil sənayesində xərclər kəskin artır.
Kanada Müstəqil Ərzaq Mağazaları Federasiyasının məlumatına görə, ticarət gərginliyi fonunda kanadalı istehlakçıların yerli məhsullara tələbatı 20 faizə qədər artıb. Ekspertlər hesab edir ki, bu ticarət münaqişəsi qısamüddətli çətinliklər yaratsa da, uzunmüddətli dövrdə Kanadanın ABŞ-dən asılılığını azaldaraq ticarət tərəfdaşlarını şaxələndirməsinə və yerli istehsalı gücləndirməsinə təkan verəcək.
Aynur Əhmədli