00:00:00
Yazar
Ayan Sadi
18.11.2026 16:42 80 2 dəq oxuma
Dünya

Kanadadan Ukraynaya yeni hərbi dəstək: Kiyevə milyonlarla dollar və sursat ayrılır

 

Kanadadan Ukraynaya yeni hərbi dəstək: Kiyevə milyonlarla dollar və sursat ayrılır

Kanada Ukraynanın hərbi imkanlarını gücləndirmək məqsədilə əlavə maliyyə vəsaiti ayırıb. Belə ki, ölkə silah və sursat tədarükü üçün 31,5 milyon ABŞ dolları, həmçinin hədəf təyinetmə sistemlərinin alınmasına 55,9 milyon dollar yönəldəcək. Bundan əlavə, Ukraynaya 1,6 milyon patron göndəriləcək.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən politoloq Aydın Qasımov bildirib ki, Kanadanın Ukraynaya dəstəyi tarixi əlaqələrə, ölkədəki güclü ukraynalı diasporuna və Qərb blokundakı mövqeyinə əsaslanır:

 

"İlk növbədə qeyd etmək lazımdır ki, Kanada ilə Ukrayna arasında tarixi əlaqələr mövcuddur. Dünyanın ən böyük ukraynalı diasporu məhz Kanadadadır və onlar ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. 2014-cü ildə Rusiyanın Krımı işğal etməsindən sonra Kanadanın bu məsələdə prinsipial mövqeyi formalaşıb. Həmin vaxtdan etibarən Ukraynaya ardıcıl dəstək göstərən ölkələrdən biri də Kanada olub. Bu dəstək həm də Kanadanın Qərb blokunun aparıcı ölkələrindən biri olması ilə əlaqədardır".

 

Politoloqun fikrincə, yardımın həcmi böyük olmasa da, Ukraynanın müdafiə qabiliyyətinin artırılmasına və cəbhədəki mövqelərinin müəyyən qədər güclənməsinə töhfə verəcək:

 

"Kanadanın ayırdığı əlavə maliyyə vəsaiti Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəlib. Əlbəttə, ayrılan yardım çox böyük məbləğ olmasa da, istənilən halda Ukrayna üçün əhəmiyyətlidir. Silah və sursat tədarükü ölkənin müdafiə imkanlarını artıracaq, mövcud hərbi mövqelərinin qorunmasına və müəyyən qədər gücləndirilməsinə müsbət təsir göstərəcək".

 

Sonda siyasi şərhçi bildirib ki, Kanadanın ardıcıl hərbi dəstəyi Qərbin Ukrayna siyasətinin davamıdır və bu, Ukraynanın Rusiyanın işğalına qarşı müqavimət imkanlarını artıra bilər:

 

"Kanadanın bu addımı kollektiv Qərbin Rusiya ilə qarşıdurması kontekstində qiymətləndirilməlidir. Kanada Ukraynaya hərbi yardım göstərən Ramştayn qrupunun fəal üzvlərindən biridir. Hazırda dünyada ciddi geosiyasi proseslər gedir və xüsusilə Ukrayna müharibəsində Avropanın mövqeyi daha ardıcıl və birmənalıdır.

Digər tərəfdən, Donald Tramp hakimiyyətə gəldikdən sonra Kanada ilə ABŞ arasında münasibətlərdə müəyyən soyuqluq yaranıb. Bu dövrdən etibarən Kanada Baş naziri Mark Karni Avropa İttifaqı ilə əlaqələrin gücləndirilməsinə daha çox diqqət yetirir. Hətta Kanadanın Avropa İttifaqına üzvlüyü məsələsi də müzakirələrə çıxarılıb. Bu baxımdan, Kanadanın və digər Qərb ölkələrinin Ukraynaya ardıcıl dəstəyi davam edərsə, bu, ölkənin Rusiya işğalına qarşı müqavimət gücünü artıracaq".

 

Fatimə İbrahimova

#azərbaycan #yeni #xəbər #milyonlarla #sursat
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər