00:00:00
Yazar
Elmira Ağayeva
14.08.2026 22:01 70 2 dəq oxuma
Araşdırma

Kart və nağd pul olmadan ödəniş: Üztanıma texnologiyası necə işləyir?

Kart və nağd pul olmadan ödəniş: Üztanıma texnologiyası necə işləyir?

Bank kartı və ya nağd pul olmadan ödəniş etmək imkanı verən yeni texnologiyalar gündəlik həyatımıza getdikcə daha çox daxil olur. Üztanıma ilə ödəniş sistemi də bu yeniliklərdən biridir.


Mövzu ilə bağlı İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə ekspert Elvin Abbasov “İnformator.az”a açıqlamasında bildirib ki, üztanıma ilə ödəniş texnologiyası biometrik identifikasiya və süni intellekt alqoritmlərinin inteqrasiyası üzərində qurulmuş müasir rəqəmsal maliyyə həllidir:


“Bu sistem fiziki daşıyıcılara olan asılılığı aradan qaldıraraq ödəniş prosesini maksimal dərəcədə sürətləndirir.Ödəniş terminalındakı kameraya baxdıqda sistem ilk növbədə canlılıq testini icra edir. Bu mərhələdə infraqırmızı sensorlar və ya dərinlik kameraları vasitəsilə qarşıdakı obyektin foto, video və ya 3D maska deyil, canlı insan olduğu təsdiqlənir. Əməliyyat təsdiqləndikdən sonra kamera üzün üçölçülü strukturlarını, gözlər, burun və çənə arası məsafələr kimi unikal nöqtələri skan edir. Əldə olunan vizual görüntü birbaşa şəkil kimi saxlanılmır, anında riyazi koda (vektor/hash) çevrilərək şifrələnmiş şəkildə ödəniş şlyuzuna ötürülür və tranzaksiya tamamlanır. Skan edilən üzün riyazi kodu istifadəçinin əvvəlcədən rəsmi tətbiq vasitəsilə sistemə daxil etdiyi və ya dövlət biometrik identifikasiya bazasında (məsələn, SİMA və ya bankın təhlükəsiz serverlərində) saxlanılan biometrik şablonla (hash kodu ilə) müqayisə edilir. Riyazi kodlar üst-üstə düşdükdə sistem istifadəçinin kimliyini doğrulayır və həmin biometrik profillə əlaqələndirilmiş bank kartından və ya hesabından lazımi məbləği silir”.

Ekspert qeyd edib ki, sistemdən istifadə etmək üçün istifadəçi ilk növbədə aidiyyəti rəqəmsal platformanın mobil tətbiqini yukləməlidir:

“Qeydiyyat zamanı şəxsiyyət vəsiqəsinin FIN kodu daxil edilir və tətbiq daxilində canlılıq testindən geçməklə üz skan olunur. Biometrik profil uğurla formalaşdırıldıqdan sonra istifadəçi ödənişlərin həyata keçiriləcəyi bank kartını bu profilə təkim edir. Bütün məlumatlar şifrələndikdən və istifadəçi razılığı təsdiqləndikdən sonra biometrik ödəniş funksiyası aktivləşir”.

Nuray Əliyeva

#yeni #texnologiyası #kart #pul
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər