Keçmişin qəhrəmanları, bu günün dərsləri
Gənclik hər zaman gələcəyin gücüdür, amma bu gücün istiqamətini çox vaxt keçmiş müəyyənləşdirir. Biz tarixdəki böyük şəxsiyyətləri çox eşidirik-dərs kitablarında, abidələrin önündə, anım günlərində. Amma onların həyatı, mübarizəsi və düşüncələri sadəcə keçmişə aid deyil; onlar bugünün gənclərinə də yol göstərə biləcək dəyərləri daşıyır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında alim, tarix üzrə elmlər doktoru İradə Bağırova bildirib ki, tarixi şəxslərdən söhbət açılanda gənclərin ağlına qəhrəmanlıq gəlir:
“Onların döyüş meydanında, mübarizədə, savaşlarda göstərdiyi qəhrəmanlıqlar gənclərin ağlına gəlir. Amma əslində onların qəhrəmanlığının kökündə də vətənpərvərlik dayanır. Vətənpərvərlik olmasaydı, qəhrəmanlıqda ola bilməzdi. Yəni bu iki anlayış bir-birini tamamlayır. Fədakarlıq vətənə sevgidən irəli gəlir. Ən vacib xüsusiyyət tarixi şəxsiyyətlərdə öz vətənləri qarşısında məsuliyyət hissi olub. Məsuliyyət hissindən irəli gələrək onlar öz məqsədlərini də qoyublar, hədəf də seçiblər və bu hədəflərə, məqsədlərinə çatmaq üçün hər bir qüvvələrini sərf ediblər və belə bir məqsədə sadiqlik də vacib xüsusiyyətlərdən biridir. Tarixi şəxsiyyətlər deyəndə biz həm döyüş qəhrəmanlarını, həm böyük hökmdarları, həm bizim respublikanın-Cümhuriyyətin qurucularıdır. Bu şəxsiyyətlər çətinliklər qarşısında geri çəkilməyib, xalqı və gələcəyi naminə mübarizə aparıblar və təbii ki, onların qarşısında böyük bir maneələr olub və onlar hər bir təhlükəni geridə qoyub öz məqsədlərinə çata bilmişdilər. Məhz belə şəxsiyyətlər də tarixdə qalmışdılar. Bu günün gəncliyi onlardan ibrət dərsi götürməlidir və ilk növbədə onların həyatını öyrənməlidir. Bu şəxsiyyətləri biz populyarlaşdırmalıyıq, xalqa onları daha da çox tanıtmalıyıq. Çünki son zamanlara qədər bizim Məmməd Əmin Rəsulzadə kimi, Əlimərdan bəy Topçubaşov kimi şəxsiyyətlər, demək olar ki, tanınmırdı və son vaxtlar məhz bizim-Azərbaycanın müstəqilliyi qazanandan sonra gördük ki, bizim doğrudan da böyük tarixə, böyük bir irsə malik bir xalqıq. Bu günkü gənclər təbii ki, öz qəhrəmanlığını da göstərir. Lakin məqsədlərinə çatmaq üçün ilk növbədə qəhrəmanlığı elmdə, təhsildə və cəmiyyətin inkişafında göstərməlidirlər. Təbii ki, artıq biz öz torpaqlarımıza sahib çıxandan sonra gənclərimiz daha da çox öz təhsilinə, öz inkişafına fikir verirlər. Biz bilirik ki, yeni, müasir dövrdə bir çox gənclər xaricdə oxuyurlar, bu o demək deyil ki, onlar vətənpərvərlik hissini itiriblər. O gənclərin çoxu bura qayıdır, qayıtmayanlar da dünya ölklərində yaşayırlar və Azərbaycanı da tanıdırlar. Müsbət xüsusiyyətlərindən biridir ki, vətənlə heç bir vaxt əlaqələri qırmasınlar və bu əlaqələri saxlayaraq Azərbaycanı dünyaya tanıtsınlar”.
Banuçiçək Məmmədova
