00:00:00
Yazar
Zəhra Həsənova
30.07.2026 21:23 28 3 dəq oxuma
Texnologiya

Kimya İnstitutu yaşıl hidrogen texnologiyalarının istehsalata tətbiqini genişləndirir

Kimya İnstitutu yaşıl hidrogen texnologiyalarının istehsalata tətbiqini genişləndirir

 

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutu yaşıl hidrogen texnologiyaları və bərpaolunan enerji sahəsində aparılan elmi tədqiqatların sənayedə tətbiqini genişləndirir. İnstitutda yaşıl kimya prinsiplərinə əsaslanan alunit emalı texnologiyası uğurla sınaqdan keçirilib və onun istehsalata tətbiqi məqsədilə “Azəralüminium” MMC ilə danışıqlar aparılır. Eyni zamanda, Günəş enerjisindən hidrogen istehsalı, yüksək səmərəli elektrokatalizatorların hazırlanması, enerji saxlanması üçün innovativ materialların yaradılması və ekoloji təmiz texnologiyaların inkişafı institutun əsas prioritetləri kimi müəyyən edilib.

 

Mövzu ilə bağlı kimyaçı alim Sadiq Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, hidrogen yaşıl enerji mənbəyi hesab olunur və dayanıqlı enerji növlərindən biridir:

 

“Hidrogen enerjisi ilə bağlı dünyanın bir çox inkişaf etmiş ölkələrində - ABŞ, Kanada, Avropa İttifaqı ölkələri, Çin, Yaponiya və digər dövlətlərdə geniş tədqiqatlar aparılır. ABŞ-də bir sıra sənaye universitetləri bu istiqamətdə fəaliyyət göstərir. Avropa İttifaqında da hidrogen enerjisi daim diqqət mərkəzində olub. Bunun əsas səbəbi yüksək enerji tutumuna malik olması, yaşıl enerji hesab edilməsi və perspektivli mənbə kimi qiymətləndirilməsidir. Bu baxımdan sənayenin həmin istiqamətdə təşəbbüs göstərməsi və fəaliyyətini hidrogen enerjisinin əldə olunmasına yönəltməsi müsbət addımdır. Lakin bu sahədə həllini gözləyən bir sıra problemlər də mövcuddur”.

 

Ekspert qeyd edib ki, hidrogenin əldə edilməsinin iki əsas üsulu mövcuddur:

 

“Birinci üsul suyun elektrolizi ilə hidrogen əldə edilməsidir. Su elektroliz prosesi zamanı elektrik enerjisinin təsiri altında hidrogen və oksigenə parçalanır. İkinci, daha ucuz üsul isə metan qazından hidrogen istehsalıdır. Bu zaman metan su buxarı ilə birləşdirilərək yüksək temperaturda emal olunur və nəticədə hidrogen alınır. Digər üsul isə metanın oksigensiz mühitdə yüksək temperaturda parçalanmasıdır. Hər iki metod dünyada sınaqdan çıxıb və tətbiq olunur”.

 

Sadiq Həsənovun sözlərinə görə, əsas problem hidrogenin istehsalı zamanı sərf olunan enerjinin yüksək olmasıdır:

 

“Sudan hidrogen almaq üçün elektroliz prosesində təxminən 30-35 kilovat-saat enerji sərf olunur. Əldə edilən enerji bu xərci tam kompensasiya etmir və iqtisadi baxımdan səmərəli hesab edilmir. Metan qazından hidrogen istehsalı nisbətən ucuz başa gəlsə də, burada da yüksək temperaturun yaradılması və digər texnoloji proseslər əlavə enerji tələb edir. Oksigensiz mühitdə metanın parçalanması üsulunda da 2,8-5,5 kilovat-saat enerji sərf olunur ki, bu da prosesin maya dəyərini artırır. Hidrogen çox hərəkətli qazdır. Molekulları ən kiçik sızma nöqtəsindən belə sürətlə xaric olur və atmosferdə dərhal oksidləşir. Buna görə də onun saxlanılması və daşınması xüsusi texnologiyalar tələb edir. Bu da əlavə xərc yaradır. Su və metan ehtiyatları kifayət qədər olsa da, hidrogen enerjisinin istehsalı və tətbiqi yüksək maliyyət tələb etdiyindən dünyanın bir çox ölkəsində bu sahəyə böyük investisiyalar yatırılmır. Azərbaycanda bu istiqamətdə tədqiqatların aparılması təqdirəlayiqdir. Hesab edirəm ki, bu işlərə daha əvvəl başlanmalı idi. Araşdırmalar göstərir ki, hidrogen yaxşı enerji mənbəyidir, lakin tətbiqi bahalı başa gəlir. Hazırda dünya daha çox günəş və külək enerjisinə üstünlük verir. Çünki bu enerji mənbələri daha ucuz başa gəlir, dayanıqlıdır və onların tətbiqi üçün hidrogen texnologiyalarında olduğu kimi mürəkkəb və bahalı proseslərə ehtiyac yaranmır. Buna görə də qlobal enerji keçidi əsasən günəş və külək enerjisi istiqamətində davam edir”.

 

Fatimə Hüseynli

#i̇nstitutu #yaşıl #azərbaycan #xəbər #hidrogen
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər