Kino və teatrın gənclərin dünyagörüşünə təsiri
Kino və teatr sadəcə əyləncə vasitəsi deyil, həm də cəmiyyətin, tarixin və fərdi insanın emosional və intellektual inkişafına güclü təsir göstərən mədəni platformalardır. Gənclər üçün bu təsir onların dəyərlərini, qərarlarını və baxış bucağını formalaşdırır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında rəssam Aqşin Feyzullayev bildirib ki, kino ümumiyyətlə onun aləmində ən böyük təsir vasitələrindən biridir:
"Hesab edirəm ki, köhnə kinolara baxanda o vaxtın cəmiyyəti ilə indiki cəmiyyət arasında böyük fərq var. İndi kinolara baxırıq, indiki çəkilən seriallarda hamı bir-birini, kim gəldi, öldürür. Silah ilə gəzirlər. Gənclərə təbliğatı bundan ibarətdir ki, film qəhrəmanı belində silahla gəzir, kimi istəyir vurur, kimi istəyir öldürür. Oğul ataya yalan danışır, qız anaya səhv edir. Filmlərdə belə hadisələr daha çox yer aldığı üçün cəmiyyətimiz də sözsüz ki, dəyişib. Çox təəssüf hissi ilə bildirirəm ki, buna son qoyan yoxdur, çünki bu puldur. Televiziya kanallarında seriallar çəkilir və xeyli miqdarda gəlir gətirir. Kino və teatr təhsilin bir hissəsi kimi gənclərin inkişafına əlavə fayda verə bilər və verməlidir. Mən yenə qeyd edirəm ki, kino ən böyük təsir vasitələrindən biridir. Rəssamlıqla maraqlananlar (rəngkarlıq, heykəltaraşlıq və s.) olur, amma kino elədir ki, hər kəs baxır. Bir çoxları axşam evə gəldikdə çay içərkən televizora baxır. Serialların səviyyəsi isə göz qabağındadır".
Gövhər Mehyəddinova
