KİV: İran müharibəsi ABŞ üçün qazanc mənbəyidir
Yaxın Şərqdə artan gərginlik və enerji bazarlarında qiymətlərin yüksəlməsi bəzi ölkələr üçün iqtisadi üstünlüklər yarada bilər. Beynəlxalq media yazır ki, neftin qiymətinin artması ABŞ-nin neft istehsalçı şirkətləri üçün milyardlarla dollar əlavə gəlir deməkdir. Ekspertlər hesab edir ki, mövcud vəziyyət davam edərsə, ABŞ enerji sektorunda ciddi mənfəət əldə edən əsas tərəflərdən biri ola bilər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, nə qədər gəlir əldə edildiyini dəqiq demək çətindir, çünki bu, bir sıra amillərdən asılıdır:
“İlk növbədə, münaqişənin nə qədər davam edəcəyi mühüm rol oynayır. Bundan əlavə, neftin dünya bazarındakı qiymətlərinin nə qədər bahalaşacağı və sonradan hansı səviyyəyə qədər ucuzlaşacağı da gəlirlərə birbaşa təsir göstərir. Neft qiymətləri daim artan xətt üzrə davam edə bilməz. Hazırda ABŞ gündəlik təxminən 13,6-13,7 milyon barel neft hasil edir. Bu isə o deməkdir ki, dünya bazarında neft qiymətlərinin yüksəlməsi ABŞ-nin neft şirkətlərinin gəlirlərinin də artmasına səbəb olur. Qiymət artımı şirkətlərin satışdan əldə etdikləri gəliri yüksəldir və nəticədə onların mənfəəti də artır. Lakin bunu uzunmüddətli və sabit bir proses kimi qiymətləndirmək düzgün olmaz. Çünki bu artım əsasən mövcud geosiyasi vəziyyət və münaqişə ilə əlaqədardır. Əgər müharibə və ya gərginlik qısa müddətdə, məsələn, bir neçə həftə ərzində yekunlaşarsa, enerji bazarında da vəziyyət dəyişə bilər. Belə olan halda neftin qiymətlərində yenidən kəskin enişlərin şahidi olmaq mümkündür. Yəni hazırkı qiymət artımı daha çox müvəqqəti xarakter daşıyır və bazarın uzunmüddətli tendensiyası kimi qiymətləndirilmir”.
Gövhər Mehyəddinova