Köhnə avtobusların aqibəti necə olacaq?
Hələ də bəzi marşrutlarda köhnə avtobusların istifadəsi davam edir və bu, nəqliyyat sistemində yenilənmə prosesinin tam başa çatmadığını, mövcud problemlərin isə hələ də qalmaqda olduğunu göstərir.
Mövzu ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev "İnformator.az"a açıqlamasında bildirib ki, köhnə nəqliyyat vasitələrinin böyük hissəsi utilizatsiya edilir:
"Köhnə avtobuslar mərhələli şəkildə istismardan çıxarılır və son bir ildə həm dövlət, həm də özəl daşıyıcılar vasitəsilə avtoparkın yenilənməsi prosesi əhəmiyyətli dərəcədə sürətlənib.Bu proses təkcə Bakını əhatə etmir. Artıq Gəncədə avtobus parkı yenilənib, Naxçıvanda isə işlərin yaxın zamanda yekunlaşması planlaşdırılır. Qarabağ bölgəsində ilkin mərhələdə Xankəndiyə yeni avtobuslar göndərilib və il ərzində digər şəhər və rayonlarda da avtoparkın yenilənməsi, həmçinin yeni qarajların qurulması nəzərdə tutulur. Abşeron ərazisində də bu istiqamətdə işlər davam edir və Albalılıqda yeni qarajın açılması şimal-şərq istiqamətində yerləşən yaşayış məntəqələri üçün mühüm addım hesab olunur. İctimai nəqliyyatda gecikmələrin əsas səbəblərindən biri şəhər infrastrukturudur. 2020-ci ildən etibarən avtobus zolaqlarının təşkili başlanılıb, 2023-cü ildən isə bu işlər daha da sürətlənib. Nəticədə bəzi marşrutlarda hərəkət müddətinin 30 faizə qədər azaldığı, orta istismar sürətinin isə saatda 17 km-dən 22 km-ə yüksəldiyi müşahidə olunur. Görülən tədbirlər nəticəsində sərnişin sayında da təxminən 25 faiz artım qeydə alınıb. Ümumilikdə, ictimai nəqliyyat sistemi daha proqnozlaşdırılan hala gəlib və bəzi hallarda avtobusla hərəkət tıxacda qalmaqdan daha sürətli alternativə çevrilib. Hazırda avtobus zolaqlarının ümumi uzunluğu 110 kilometrə çatır. Avtobusların hərəkətini daha da sürətləndirmək üçün “yaşıl dalğa” sisteminin tətbiqi vacibdir. Bununla yanaşı, nəqliyyat yükünün balanslaşdırılması üçün metro şəbəkəsinin genişləndirilməsi, tramvayın bərpası, şəhərətrafı elektrik qatarlarının inkişafı, mikromobilliyin təşviqi və piyada infrastrukturunun yaxşılaşdırılması da mühüm əhəmiyyət daşıyır".
Ekspert qeyd edib ki, bu addımlar avtobusların yüklənməsini və gecikmələri azaltmağa kömək edə bilər:
"Hazırda gündəlik xəttə çıxan təxminən 2300 avtobusun 60 faizi yenidir, qalan hissəsi isə mərhələli şəkildə yenilənir. 2030-cu ilə qədər avtobus sayının 2800-ə çatdırılması və ümumi parkın tam yenilənməsi hədəflənir. Yeni qaydalara əsasən, avtobusların istismar müddəti maksimum 15 il müəyyən edilib. Bundan əlavə, dizel və CNG ilə işləyən avtobuslar üçün 1 milyon 200 min kilometr, elektrobuslar üçün isə 1 milyon kilometr limit tətbiq olunur. Bu hədlərdən hər hansı birinə çatdıqda nəqliyyat vasitələri istismardan çıxarılmalıdır".
Mövzu ilə bağlı şəhər sakinləri də fikirlərini bildiriblər.
Sərnişin Əhməd bəy qeyd edib ki, köhnə avtobuslarda pik saatlarda sıxlıq yaşanır:
"Açığı, köhnə avtobuslarda rahatlıq azdır, bəzən isti olur, gecikmələr də olur. Xüsusilə, pik saatlarda çox sıxlıq yaşanır".
Sərnişin Leyla xanım bildirib ki, yeni avtobuslar köhnə avtobuslara görə daha rahatdır:
“Vaxtında gəlir, kondisioner işləyir. Çox sıxlıq yaşanmır. Köhnə avtobuslarda isti havalarda çətinlik yaşayırıq".
Səmayə Səftərova