Köhnə tikililərə niyə üstünlük verilir?
Son illərdə daşınmaz əmlak bazarında maraqlı tendensiya müşahidə olunur: yeni tikililər müasirliyi və rahatlığı ilə seçilsə də, bir çox alıcılar hələ də köhnə tikililərə üstünlük verir. Bu seçim bəzən qiymət fərqi ilə izah olunsa da, məsələ təkcə maddi amillərlə məhdudlaşmır. İnfrastruktur, yerləşmə, sənədləşmə, tikinti keyfiyyəti və sosial mühit kimi faktorlar da insanların qərarına ciddi təsir edir.
Mövzu ilə bağlı əmlak eksperti Elnur Azadov “İnformator.az”a açıqlamasında bildirib ki, kirayə evdə yaşayan şəxsin hüquqlarının pozulması məsələsi aktual mövzulardandır:
“Məlumdur ki, kirayə münasibətləri tərəflər arasında bağlanan müqavilə əsasında tənzimlənir. Bu müqavilədə aylıq ödəniş, müddət və digər şərtlər aydın şəkildə göstərilir. Qanunvericiliyə görə, mülkiyyətçi kirayəçini xəbərdarlıq etmədən dərhal evdən çıxara bilməz. Bunun üçün müəyyən əsaslar olmalıdır. Məsələn, kirayəçi iki ay ərzində ödəniş etməzsə, bu halda mülkiyyətçinin müqaviləyə xitam verərək şəxsi mənzildən çıxarmaq hüququ yaranır. Kirayəçinin hüquqları da müəyyən çərçivədə qorunur. Belə ki, əgər müqavilədə başqa cür nəzərdə tutulmayıbsa, mülkiyyətçi müqavilə müddəti ərzində kirayə haqqını birtərəfli qaydada artıra bilməz. Eyni zamanda, kirayəçi ödənişləri və kommunal xərcləri vaxtında yerinə yetirirsə, onu müqavilə müddəti bitməmiş evdən çıxarmaq mümkün deyil. Ümumilikdə, mülkiyyətçinin istədiyi vaxt kirayəçini evdən çıxarmaq kimi birbaşa hüququ yoxdur. Bütün hallar müqavilə şərtlərinə və qanunvericiliyə uyğun şəkildə həll edilməlidir. Digər tərəfdən, son illərdə daşınmaz əmlak bazarında baş verən dəyişikliklər də kirayə münasibətlərinə təsir edib. Xüsusilə, 2022-ci ildən etibarən qiymətlərin artması müşahidə olunur. Yeni tikinti layihələrinin sayının azalması və bazarın aktivləşməsi nəticəsində mənzil qiymətləri bahalaşıb. Hazırda köhnə yaşayış fondu yeni tikililərlə müqayisədə daha əlçatan hesab olunur. Tikinti şirkətləri tərəfindən təklif olunan mənzillər daha bahalı olduğundan, istehlakçıların bir qismi köhnə binalara üstünlük verir. Buna baxmayaraq, bazarda seçimlər təxminən balanslıdır və ciddi fərq müşahidə olunmur”.
Cavahir Əsgərbəyli