Kolumbdan 500 il əvvəl Amerikaya çatan vikinqlər
Vikinqlər təxminən 1000-ci ildə Kanadaya çataraq Şimali Amerikanı araşdırmaq üçün buradan baza kimi istifadə ediblər.
BBC-nin məlumatına görə, Xristofor Kolumb 1492-ci ildə Baham adalarına çatsa da, Amerikaya çatan ilk avropalı olmayıb. Vikinqlər ondan təxminən 500 il əvvəl İslandiya və Qrenlandiya vasitəsilə Atlantik okeanını keçərək bu ərazilərə gəliblər.
1960-cı ildə Kanadanın Nyufaundlend adasında vikinqlərə aid yaşayış məntəqəsi aşkar edilib. 2021-ci ildə aparılan araşdırmalar onların burada təxminən 1000 il əvvəl yaşadığını təsdiqləyib.
Vikinqlərin kəşf tarixində Erik Qırmızı və onun oğlu Leyf Eriksson mühüm rol oynayıblar. Erik Qırmızı Qrenlandiyada daimi yaşayış məntəqəsi yaradıb, Leyf Eriksson isə Şimali Amerikaya səfərlərə rəhbərlik edib. Arxeoloji sübutlar vikinqlərin sonrakı iki-üç əsr ərzində də bu ərazilərə səfərlər etdiyini göstərib.
Tarixçilər Kolumbun vikinqlərin əvvəlki səfərləri haqqında məlumatlı ola biləcəyini ehtimal edirlər. Beləliklə, tarixi və arxeoloji sübutlar vikinqlərin Kolumbdan təxminən beş əsr əvvəl Şimali Amerikaya çatdığını göstərib.
Aysu Abbasova