Köpəkbalıqları haqqında 9 təəccüblü fakt
Köpəkbalıqları Yer üzündə yaşayan ən qədim onurğalı yırtıcılardan biridir. Milyonlarla il davam edən təkamül nəticəsində onlar bir sıra qeyri-adi xüsusiyyətlər qazanıb və bu gün də okeanların ən uğurlu canlılarından sayılırlar.
Böyük məhvlərdən sağ çıxıblar
Köpəkbalıqları və onların əcdadları Yer tarixində baş verən beş böyük kütləvi məhvolma hadisəsinin hamısından sağ çıxmağı bacarıb. Ən dağıdıcı hadisə hesab olunan Perm-Trias dövründə dəniz canlılarının təxminən 90 faizi məhv olsa da, köpəkbalıqları mövcudluğunu qoruyub saxlayıb. Bu gün isə onlar dünya okeanının demək olar ki, bütün bölgələrində yaşayırlar.
Sadə riyazi fərqləri ayırd edə bilirlər
Köpəkbalıqları yalnız instinktlə hərəkət edən yırtıcılar deyil. Araşdırmalar göstərir ki, onlar müxtəlif rəngləri, həndəsi fiqurları və optik illüziyaları fərqləndirə bilir, öyrəndiklərini isə uzun müddət yadda saxlayırlar.
Caz musiqisinə daha yaxşı reaksiya verirlər
Avstraliyada yaşayan Port Cekson köpəkbalıqları üzərində aparılan təcrübələr maraqlı nəticə verib. Alimlər onları müəyyən musiqi səslənəndə yem almaq üçün akvariumun xüsusi hissəsinə üzməyə öyrədiblər. Müşahidələr göstərir ki, caz musiqisi səslənərkən köpəkbalıqları düzgün istiqamətə üzə bilsələr də, klassik musiqidə eyni nəticə əldə olunmayıb.
Bəzi növlərdə balalar ana bətnində bir-birini yeyir
Qum pələngi köpəkbalığında embrionlar hələ ana bətnində olarkən yaşamaq uğrunda mübarizə aparırlar. Bir uşaqlıqda inkişaf edən embrionlar bir-birini yeyir və nəticədə yalnız ən güclüsü sağ qalır. Bu hadisə elmə intrauterin kannibalizm və ya adelfofagiya adı ilə məlumdur.
Onların da yaxın dostları olur
Köpəkbalıqları həmişə tək yaşamırlar. Boz rif köpəkbalıqları eyni qrup üzvləri ilə illərlə birlikdə qala bilir, gənc limon köpəkbalıqları isə qrup halında yaşayaraq qida tapmaq və təhlükələrdən qorunmaq kimi bacarıqları öyrənirlər. Hətta bəzi böyük ağ köpəkbalıqlarının minlərlə kilometr məsafəni birlikdə qət etdiyi də qeydə alınıb.
Dəriləri minlərlə xırda dişlə örtülüdür
Köpəkbalıqlarının dərisində adi pulcuqlar deyil, dentikul adlanan dişəbənzər çıxıntılar yerləşir. Bu quruluş su müqavimətini azaldır, onların daha sürətli üzməsinə kömək edir və dəriyə zımpara kağızına bənzər kobud hiss verir.
Ürəyin döyüntüsünü hiss edə bilirlər
Köpəkbalıqları görmə, eşitmə və qoxudan əlavə elektrik siqnallarını, su təzyiqindəki dəyişiklikləri və Yerin maqnit sahəsini də hiss edə bilir. Baş nahiyəsində yerləşən Lorensini ampulaları sayəsində digər canlıların ürək döyüntüsünün yaratdığı zəif elektrik impulslarını belə müəyyən edə, qaranlıqda və ya qumun altında gizlənən ovunu tapa bilirlər.
Ağaclardan və dinozavrlardan daha qədimdirlər
Köpəkbalıqlarının ən qədim əcdadlarına aid fosillərin yaşı təxminən 450 milyon ildir. Bu isə onların ilk ağaclardan on milyonlarla il, dinozavrlardan isə təxminən 220 milyon il əvvəl mövcud olduğunu göstərir. Hazırda dünyada təxminən 500 növ köpəkbalığı yaşayır və alimlər hələ də yeni növlər aşkar etməyə davam edirlər.
Mehriban Yariyeva