Kredit borcunun hüquqi nəticələri – VƏKİL AÇIQLAYIR
Maliyyə öhdəlikləri və bank kreditlərinin vaxtında ödənilməməsi son dövrlər ən çox müzakirə olunan hüquqi məsələlərdəndir. Xüsusilə tanışlar və ya qohumlar üçün kredit götürülməsi, ölkədən çıxışa qoyulan qadağalar və borclunun vəfatı halında öhdəliklərin kimin üzərinə düşməsi vətəndaşlar arasında müxtəlif suallar doğurur.
Mövzu ilə bağlı vəkil Zibeydə Sadıqova “İnformator.az”a açıqlamasında məsələnin hüquqi tərəflərini şərh edib:

“Bank üçün krediti kimin adına və ya kimin üçün götürməyiniz əhəmiyyət kəsb etmir. Bank hər zaman riskləri nəzərə alır, yalnız müqavilə bağladığı şəxsi borclu kimi qəbul edir və özünü sığortalayır. Yəni əsas göstərici sizin borcu ödəmək qabiliyyətinizdir. Sonradan borcun başqası üçün götürüldüyünü iddia etmək vətəndaşı hüquqi öhdəlikdən azad etmir. Bankın tələbi birbaşa rəsmi borclunun özünə qarşı olur. Lakin borclu ödənişi etdikdən sonra mülki mühakimə usulu ilə həmin şəxsə qarşı məhkəmədə iddia qaldıraraq dəymiş zərərin ödənilməsini tələb edə bilər.
Ölkədən çıxışa qadağanın qoyulması yalnız məhkəmə qərarı ilə mümkündür. Əgər vətəndaşın bank qarşısında öhdəliyi varsa, bu tələb məhkəmə qərarı ilə təsdiqlənibsə və borclu həmin qərarı icra etməkdən dəfələrlə boyun qaçırırsa, İcra Şöbəsi məhkəməyə müraciət edərək borclunun ölkədən çıxışına məhdudiyyət qoyulmasını xahiş edə bilər.
Kredit götürən şəxs vəfat etdikdə isə onun yaxın qohumlarının borcu ödəmə öhdəliyi iki əsas şərtlə müəyyən olunur: həmin şəxslər rəsmi vərəsə olmalı və vəfat edən borcludan onlara vərəsəlik qaydasında əmlak qalmalıdır; vərəsələr kredit borcunu yalnız özlərinə çatan əmlakın dəyəri həcmində ödəməyə cavabdehdirlər”.
Əsmər Məmmədzadə