Kripto valyutalar və rəqəmsal iqtisadiyyatın gələcəyi
Son illərdə kripto valyutalar qlobal maliyyə sistemində ciddi diqqət çəkir. Bitcoin, Ethereum və digər rəqəmsal aktivlər yalnız investisiya vasitəsi kimi deyil, həm də yeni iqtisadi modellərin yaranmasına təkan verir. Rəqəmsal iqtisadiyyatın sürətlə inkişaf etdiyi bir dövrdə sual açıq qalır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, kriptovalyutalar həddindən artıq volatil və həddindən artıq spekulyativ bir aktivdir:
“Bunun arxasında ancaq xəbər axını dayanır, başqa bir şey deyil. Onun bəzən fəaliyyət, bəzən də qeyri-leqal fəaliyyət növləri gizliliyi və anonimliyi önəmlidir. İnsanlar, hətta dövlətlər belə, sanksiyalardan yan keçmək üçün çox zaman kriptovalyutalardan istifadə edir. Ona görə də kriptovalyutaların gələcəyini o qədər də aydın görmək mümkün deyil. Rəqəmsal valyuta məsələsini ölkələr, mərkəzi banklar bunu həyata keçirməyə çalışırlar. Amma bu kriptovalyuta deyil. Bu tamam başqa bir anlayışdır. Kriptovalyutaların anonimliyi aradan qalxsa və kriptovalyuta bazarında dövlət tənzimlənməsi çoxalsa, onun dəyəri və əhəmiyyəti azalacaq. Ona görə də mən bu bazara həddindən artıq skeptik yanaşıram və çox spekulyativ, həddindən artıq volatil olduğuna görə investisiyalar üçün də çox risklidir. Düzdür, qazanmaq da olar, çox böyük vəsait də əldə etmək olar. Amma çox riskli bir aktivdir”.
Banuçiçək Məmmədova
