"Kuba ilə ABŞ arasında hansısa ciddi anlaşma əldə oluna bilər" - ŞƏRH
Kubaya yanacaq ixracı tamamilə qanunidir, lakin ABŞ Havananı enerji resursları ilə təmin etmək istəyən ölkələrə təzyiq göstərir.
Mövzu ilə bağlı iqtisadi şərhçi Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Kubaya faktiki olaraq blokada tətbiq olunub:
“Yanacaq gəlmir, buna görə də, elektrik kəsintiləri baş verir. Tez-tez işıqlar sönür. Bu Amerikanın qərarıdır və bir çox ölkə də ABŞ-nin təzyiqindən çəkinərək Kubaya yanacaq göndərmir. Ən son Rusiya buna cəhd edib. İki gün əvvəl tanker yarı yoldan geri qayıdıb. Təbii ki, enerji yoxdursa, bu Kuba iqtisadiyyatının çökməsi deməkdir və bu proses bir növ hazırlıq mərhələsidir. Çox güman ki, yaxın həftələrdə Kuba ilə ABŞ arasında hansısa ciddi anlaşma əldə oluna bilər. Kuba müəyyən dəyişikliklərə gedərək ABŞ ilə yaxınlaşma yolunu seçə bilər. Böyük ehtimalla belə bir ssenari artıq müzakirə olunur və yaxın dövrdə bunun şahidi ola bilərik”.
Aytac İbrahimova