Kuryerlərə buraxılış vəsiqəsi almaq üçün tələblər daha da sərtləşdirilib
Son illərdə kuryer və çatdırılma xidmətlərinin sürətlə genişlənməsi nəqliyyat sektorunda yeni çağırışlar formalaşdırıb. Bu fonda kuryerlərə buraxılış vəsiqəsinin verilməsi üçün tələblərin sərtləşdirilməsi gündəmə gəlib. Məqsəd həm yol hərəkəti təhlükəsizliyini artırmaq, həm də sahədə fəaliyyətin daha sistemli və nəzarətli şəkildə təşkilinə nail olmaqdır. Yeni qaydaların tətbiqi ilə kuryer xidmətlərinin iş prinsiplərində hansı dəyişikliklərin baş verəcəyi isə maraq doğurur.
Mövzu ilə bağlı “İnformator.az”a müsahibəsində nəqliyyat eksperti Adil Nəbiyev bildirir ki, kuryerlərə buraxılış vəsiqəsinin verilməsi ilə bağlı tələblərin sərtləşdirilməsi son illərdə bu sahədə yaranan nizamsızlıq, sürətli artım fonunda təhlükəsizlik risklərinin yüksəlməsi və nəzarətsiz fəaliyyət halları ilə birbaşa bağlıdır:
“Xüsusilə, iri şəhərlərdə kuryerlərin sayının kəskin artması fonunda yol hərəkəti qaydalarının pozulması, piyada səkilərindən istifadə, işıqforlara əməl etməmə, sürət həddinin aşılması kimi hallar daha çox müşahidə olunmağa başlayıb. Bununla yanaşı, bəzi hallarda sürücülərin peşəkar hazırlığının zəif olması, tibbi vəziyyətlərinin yoxlanılmaması və texniki baxımdan nasaz nəqliyyat vasitələrinin istifadəsi ümumi təhlükəsizlik mühitini zəiflədib. Bu səbəbdən dövlət daha sistemli yanaşma tətbiq etmək, həm sürücülərin, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə tələblərin sərtləşdirilməsi zəruri hesab olunub.
Yeni tələblər əsasən kuryerlərin fəaliyyətə başlamazdan əvvəl daha ciddi yoxlama prosesindən keçməsini nəzərdə tutur. Buraya tibbi müayinələrin o cümlədən, narkotik və psixotrop maddələrdən istifadənin yoxlanılması, sürücülük bacarıqlarının və biliklərinin qiymətləndirilməsi, həmçinin nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət kimi məsələlər daxildir. Eyni zamanda buraxılış vəsiqəsinin alınması üçün tələb olunan sənədlərin siyahısı genişləndirilir və rəqəmsal qeydiyyat sistemləri vasitəsilə bu proses daha şəffaf hala gətirilir. Nəzarət mexanizmi isə müvafiq icra orqanları həyata keçiriləcək, həm yol patrul xidməti, həm də elektron monitorinq sistemləri vasitəsilə kuryerlərin fəaliyyəti izləniləcək, qayda pozuntularına görə cərimə və ya vəsiqənin ləğvi kimi tədbirlər tətbiq olunacaq”.
Həmçinin ekspert bildirir ki, bu dəyişikliklər kuryer xidmətlərinin fəaliyyətinə həm müsbət, həm də müəyyən dərəcədə çətinlik yaradan təsirlər göstərə bilər:
“Bir tərəfdən ,təhlükəsizlik səviyyəsinin artması, xidmət keyfiyyətinin yüksəlməsi və daha peşəkar kadrların formalaşması gözlənilir. Digər tərəfdən, isə ilkin mərhələdə bəzi kuryerlərin yeni tələblərə uyğunlaşmaqda çətinlik çəkməsi səbəbindən bazarda kuryer sayında azalma müşahidə oluna bilər ki, bu da çatdırılma müddətlərinin uzanmasına və qiymətlərin müəyyən qədər artmasına gətirib çıxara bilər. Lakin uzunmüddətli perspektivdə bu dəyişikliklər bazarın daha sağlam və dayanıqlı şəkildə formalaşmasına, həm sürücülər, həm də sifarişçilər üçün daha etibarlı xidmət mühitinin yaranmasına səbəb olacaq”.
Ədilə Hüseynzadə