00:00:00
Yazar
Admin User
05.12.2025 16:39 94 2 dəq oxuma
Sosial

Əlavə vəsaitlərin şagirdin asudə vaxtına təsiri

Əlavə vəsaitlərin şagirdin asudə vaxtına təsiri

Məktəblərdə iş dəftərlərinin və digər əlavə vəsaitlərin alınması son illər həm valideynlərin büdcəsinə, həm də şagirdlərin asudə vaxtına təsir edən əsas mövzulardan birinə çevrilib.


Mövzu ilə bağlı “İnformator.az”a danışan valideyn Aynur Əkbərova bildirib ki, iş dəftərləri şagirdlər üçün mütləq deyil:

 

“Yox, məcburiyyət yoxdur. Oğlum oxuduğu məktəbdə heç kəs məcbur edilmir. Biz büdcəmizə uyğun olaraq, ehtiyac gördükdə alırıq".

 

Valideyn Xuraman Aslanzadə isə iş dəftərlərini faydalı hesab edir:

 

“Uşağım üçün iş dəftəri almaq tamamilə öz seçimimdir. Mən istəyirəm ki, öyrənməsi asan olsun və iş dəftəri bu baxımdan çox faydalıdır. O, uşağımın dərslərində irəliləməsinə kömək edir, daha asan öyrənir. Qiymətləri bəzən baha ola bilər, amma uşaqlar üçün faydalıdır".

 

Məsələ ilə bağlı təhsil eksperti İlqar Orucov bildirib ki, iş dəftərləri və ev tapşırıqları həm dünyada, həm də Azərbaycanda geniş yayılıb, lakin onların istifadəsi şagirdlərin əlavə yüklənməsinə səbəb ola bilər:


“Məktəblərdə iş dəftərləri və şagirdlərin əlavə yüklənməsi bəzən narahatlıq doğurur. Dünyada iş dəftərləri hələ də mövcuddur, lakin bəzi ölkələrdə məsələn, Finlandiyada ev tapşırıqları minimuma endirilib və əsasən dərsdə öyrənmə mexanizmi tətbiq olunur. Fransanın bəzi əyalətlərində isə qanunla ev tapşırığı vermək qadağandır. Azərbaycanda isə şagird sayı çox olan siniflərdə əlavə vəsaitlər onların evdəki yükünü artırır. Tam ştatlı müəllim modelinə keçid isə məktəbdə dərs prosesini gücləndirərək, evdə əlavə yüklənmənin qarşısını ala bilər. Əsas məsələ uyğun infrastrukturun qurulmasıdır".

 

Elm və Təhsil Nazirliyi isə qeyd edir ki, dövlət məktəblərində dərsliklər mövcud tədris proqramının ödənilməsi üçün kifayət edir və əlavə vəsaitlərin istifadəsi yalnız valideynin razılığı ilə mümkündür:

 

“Ümumi təhsil fənləri üzrə təhsil proqramlarında qoyulan tələblərin ödənilməsi üçün dərsliklər kifayətdir. Əlavə dərs vəsaitlərinin istifadəsi müəllimlərin təşəbbüsü ilə baş verir və Nazirlik bunu dəstəkləmir. Hər hansı əlavə tədris resursu yalnız valideyn razılığı ilə istifadə oluna bilər".


Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər