Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini dövlətçiliyin əleyhinə hesab edir
Paşinyan qeyd edib ki, yeni konstitusiyanın qəbul edilməsi hakim “Vətəndaş müqaviləsi” partiyasının seçki proqramında yer alıb. O vurğulayıb ki, seçkilərdə mütləq çoxluq qazandıqdan sonra partiya proqramını həyata keçirməlidir.
“Bu mətnlə müstəqil dövlətin mövcudluğu mümkün deyil. Bu mətn dövlətin mövcudluğunun mümkünsüzlüyündən bəhs edir”, – Baş nazir bildirib.
Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Ermənistanın Müstəqillik Bəyannaməsi bugünkü real Ermənistanın deyil, hansısa virtual, qisasçı, şovinist və millətçi dairələrin xəyallarında qurduqları dövlətin əsas sənədi ola bilərdi:
"Paşinyanın belə bir ideoloji mövqeyə gəlməsi olduqca təqdirəlayiqdir. Əlbəttə, bu, Azərbaycanın 44 günlük müharibədən sonra Ermənistan qarşısında qoyduğu haqlı tələblərə tamamilə uyğundur. Lakin Paşinyanın bu mövqeyi təkcə Azərbaycanın tələblərinə deyil, müstəqil Ermənistan dövlətinin də maraqlarına xidmət edir. Ermənistanın Müstəqillik Bəyannaməsi bugünkü real Ermənistanın deyil, hansısa virtual, ortodoksal, intiqamçı, qisasçı, şovinist və millətçi dairələrin xəyallarında qurduqları dövlətin əsas sənədi ola bilərdi. Bunun acı nəticələrini isə Ermənistan cəmiyyəti öz gözləri ilə gördü. Anladılar ki, mövcud ərazilərlə kifayətlənməyərək qonşulardan qoparmaq istədikləri torpaqlar üzərində xəyali dövlət qurmaq cəhdi erməni xalqına tələfatdan başqa heç nə qazandırmır".
Müsahib bildirir ki, məhz buna görə də Paşinyan müharibədən sonrakı ilk günlərdən etibarən virtual Ermənistana qarşı real Ermənistan nəzəriyyəsini irəli sürdü:
"Açıq şəkildə bəyan etdi ki, Azərbaycanın Ermənistanın Müstəqillik Bəyannaməsinin dəyişdirilməsi ilə bağlı tələbi Ermənistanın da maraqlarına uyğundur. Paşinyan bunu hər zaman açıq şəkildə ifadə etməsə də, mövqeyi ilə Azərbaycanın bu tələbini dəstəklədiyini nümayiş etdirdi. Zaman keçdikcə isə real Ermənistan ideyasını müəyyən formada ideoloji platformaya çevirərək erməni cəmiyyətinə təqdim edə bildi. Bunun nəticəsidir ki, Paşinyan müharibədə məğlub olmasına və bir vaxtlar Qarabağ uğrunda “Miatsum” şüarı səsləndirən erməni cəmiyyətinin bu ərazidən imtina etməyə məcbur qalmasına baxmayaraq, ölkə daxilində siyasi reytinqini və imicini yeni istiqamətdə formalaşdırmağa başladı. Təcavüzkar Ermənistanın lideri kimi tanınan Paşinyan bu gün qonşuların torpaqlarına iddia etməyən, işğal olunmuş əraziləri qaytarmaq məcburiyyətində qalan və bu qərarı erməni cəmiyyətinə qəbul etdirən lider obrazı yaratmağa nail oldu".
Səmayə Səftərova