Lavrovdan Qərbə ittiham: “Müharibəyə hazırlaşırlar”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərb ölkələrinin Rusiya ilə mümkün müharibəyə hazırlaşdığını iddia edib. O, Qərb liderlərinin “Rusiya təhdidi” ilə bağlı ritorikanı yaydığını bildirib.
Lavrov Moskvada keçirilən “Rusiyanı Sevənlər Beynəlxalq Hərəkatı”nın qurultayında çıxış edib.
Qərbin Rusiyaya qarşı addımlarından danışan Lavrov deyib ki, Qərb elitaları Rusiyadan təhdid gəldiyi barədə “mifi” qəbul edir.
“Qərb ölkəmizə qarşı müharibəyə hazırlaşır”, – deyə Lavrov bildirib.
Rusiyanın təhlükəsizliyinə yönələn təhdidlərə cavab verəcəklərini deyən Lavrov bunun üçün lazımi imkanlara malik olduqlarını vurğulayıb.
Lavrov Avropa ölkələrinin Kiyev hakimiyyətini dəstəkləməklə “nasizmi qəbul etdiyini” və bunun “utancverici” olduğunu iddia edib.
Nazir ABŞ-ın Avropa ölkələrindən fərqli olaraq dialoqa hazır olduğunu bildirib. “Biz də ciddi məsləhətləşmələrə hər zaman açığıq”, - deyə Lavrov qeyd edib.
Lavrov qurulan dialoqa baxmayaraq, Rusiya ilə ABŞ arasındakı münasibətlərdə əhəmiyyətli dəyişikliklərin baş vermədiyini bildirib.
Mənbə: HABER GLOBAL