Əlcəzair və Azərbaycan enerji əməkdaşlığını genişləndirir
"İnformator.az" xəbər verir ki, Əlcəzair Prezidenti Əbdülməcid Təbbun Azərbaycanla enerji sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan strateji memorandumun ratifikasiyasını təsdiqləyib.
2022-ci il noyabrın 29-da Əlcəzairdə imzalanan memorandum 2026-cı il mayın 12-də ratifikasiya olunub.
Sənəd neft, qaz, neft-kimya, enerji nəqli və paylanması, eləcə də yaşıl enerji layihələri üzrə əməkdaşlığı əhatə edir.
Qeyd edək ki, memorandum iki ölkə arasında iqtisadi və sənaye əlaqələrinin gücləndirilməsinə yönəlib. Sənəd çərçivəsində karbohidrogen sektorunda hüquqi və tənzimləyici siyasətlər, quru və dəniz yataqlarında neft-qaz kəşfiyyatı və hasilatı layihələri üzrə əməkdaşlıq nəzərdə tutulur.
Tərəflər həmçinin neft məhsullarının, o cümlədən nafta və mayeləşdirilmiş təbii qazın (LNG) kommersiyalaşdırılması, enerji infrastrukturu və paylanması sahələrində birgə fəaliyyət göstərəcəklər.
Memoranduma əsasən, SOCAR uzunmüddətli əsasda Azərbaycan neftini və digər neft məhsullarını Sonatrach Raffineria Italiana şirkətinə tədarük edəcək. Bu isə Azərbaycan və Əlcəzair arasında enerji ticarətinin genişlənməsinə və strateji tərəfdaşlığın möhkəmlənməsinə töhfə verəcək.
Onu da vurğulayaq ki, əməkdaşlıq yaşıl enerji istiqamətini də əhatə edir. Tərəflər hidrogen enerjisinin inkişafı və nəqli infrastrukturu, elmi-tədqiqat fəaliyyəti, enerji sektorunun idarə olunması və kadr hazırlığı sahələrində də əməkdaşlıq edəcəklər.
Memorandum ilkin olaraq 5 il müddətdə qüvvədə qalacaq və tərəflərdən biri rəsmi şəkildə sazişdən çıxmadığı təqdirdə avtomatik olaraq uzadılacaq.