Leysan, sel, yanğın zamanı evə dəyən zərəri kim ödəməlidir?
Sığortası olmayan ev sahibi üçün leysan yağışı, su basması və ya yanğın yalnız bir hadisə deyil, birbaşa maddi itkidir. Divarlar, parket, elektrik sistemi, mebel bunların hər biri zərər gördükdə, xərcini siz çəkirsiniz.
Mövzu ilə bağlı hüquqşünas Fərhad Mehdiyev “İnformator.az” a açıqlamasında bildirib ki, Dövlət orqanlarının maddi məsuliyyəti iki əsas növə bölünür:
“Subyektiv və obyektiv məsuliyyət. Subyektiv məsuliyyət dövlət orqanlarının və ya onların işçilərinin təqsirli davranışı nəticəsində vurulan zərərə görə yaranır. Obyektiv məsuliyyət isə hər hansı təqsir olmadan, yəni dövlət nümayəndələrinin günahı olmadan meydana çıxan zərərin qarşılanması ilə bağlıdır. Obyektiv məsuliyyət Azərbaycan qanunvericiliyində birbaşa nəzərdə tutulmasa da, bu barədə Avropa Şurası Nazirlər Komitəsi tərəfindən tövsiyələr mövcuddur və bir çox Avropa ölkələrində tətbiq olunur. Azərbaycanda isə bu daha çox praktikada məsələn, təbii fəlakətlər və ya müharibə nəticəsində zərər çəkmiş şəxslərə kompensasiyaların verilməsi ilə müşahidə olunur. Bu yanaşma sosial dövlət prinsipindən irəli gəlir: dövlət çalışır ki, fərdlərin üzərinə düşən fövqəladə zərər tamamilə onların üzərində qalmasın. Lakin kütləvi zərərlər zamanı dövlət adətən zərərin hamısını deyil, yalnız bir hissəsini və ya müəyyən kateqoriyalara aid şəxslər üçün ödəyir. Bu, büdcə imkanları ilə bağlıdır. Hazırda bu sahədə vahid qanun yoxdur və kompensasiyalar əsasən fərman və ya digər normativ aktlarla tənzimlənir. Gələcəkdə bu boşluğun ayrıca hüquqi aktlarla və ya məhkəmə təcrübəsi ilə doldurulması məqsədəuyğun hesab olunur. Yerli icra hakimiyyətləri və bələdiyyələr isə onlara həvalə olunmuş xidmətləri yerinə yetirmədikdə və ya keyfiyyətsiz icra etdikdə məsuliyyət daşıyırlar. Bu hal inzibati hüquqda “xidmət qüsuru” kimi tanınır. Məsələn, lazımi təhlükəsizlik tədbirləri görülmədiyi üçün vətəndaşa zərər dəyərsə, həmin qurumların maddi məsuliyyəti yarana bilər”.
Selcan Xudiyeva