Leysanda yoxa çıxan nömrələrin dublikatı niyə verilmir?
Son günlər Leysan yağışları nəticəsində bir çox avtomobil sahibləri ciddi problemlə üzləşiblər. Güclü yağış və sel suları yolları yararsız hala salmaqla yanaşı, bəzi nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının (nömrələrinin) itməsi ilə nəticələnib. Lakin vətəndaşları narahat edən əsas məsələ bu itən nömrələrin dublikatının niyə verilməməsi və ya bu prosesin niyə çətinləşdirilməsidir.
Mövzu ilə əlaqədar “İnformator.az” Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etsə də, təqdim olunan suallar cavabsız qaldı.
Əlavə olaraq “İnformator.az”a mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanlı bildirib ki, qanunvericilikdə nəqliyyat vasitəsinin qeydiyyat nişanının dublikatının verilməsi nəzərdə tutulmayıb:
“Yalnız qeydiyyat nişanının dəyişdirilməsi mümkündür və bu da əsasən təhlükəsizlik məqsədləri, o cümlədən gələcəkdə hər hansı cinayət hadisələrinin qarşısının alınması üçün həyata keçirilir.
Bununla belə, itirilən avtomobil nömrələrinin yenidən əldə olunması mümkündür. Bunun üçün sürücülər Dövlət Yol Polisi İdarəsinə müraciət etməli və müəyyən edilən qaydada dövlət rüsumlarını ödəməklə yeni qeydiyyat nişanı ala bilərlər.
Əgər sürücülərdən əlavə və qanunsuz ödənişlər tələb olunarsa, onlar bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinə, həmçinin Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edə bilərlər”.
Səadət Əlizadə