00:00:00
Yazar
Elmira Ağayeva
08.09.2026 23:15 54 2 dəq oxuma
Maraqlı

Əlləri torpağa bulaşdırmaq niyə sağlamlıq üçün faydalıdır?

Əlləri torpağa bulaşdırmaq niyə sağlamlıq üçün faydalıdır?

 

Torpağa toxunmaq, otların üzərində gəzmək, ağacların qabığına və ya mamıra əl vurmaq insan sağlamlığı üçün düşündüyümüzdən daha faydalı ola bilər. Araşdırmalar göstərir ki, təbiətlə birbaşa təmas dəridəki faydalı mikroorqanizmlərin müxtəlifliyini artıraraq immun sisteminə müsbət təsir göstərə bilər.

Finlandiya Ətraf Mühit İnstitutunun ekoloqu və təbiət-sağlamlıq üzrə tədqiqatçısı Mira Qrönroosun apardığı eksperiment zamanı iştirakçılardan əllərini 20 saniyə ərzində torpaq, torf və mamıra sürtmələri istənilib.

Araşdırma nəticəsində məlum olub ki, hətta iştirakçılar əllərini kran suyu ilə yuduqdan sonra belə dərilərindəki mikrobların sayı və müxtəlifliyi artıb.

Alimlərin fikrincə, dəridə müxtəlif mikroorqanizmlərin olması hər zaman zərərli deyil. Əksinə, zəngin mikrob müxtəlifliyi mikroorqanizmlərin bir-birini nəzarətdə saxlamasına və orqanizmi zərərli bakteriyalardan qorumasına kömək edə bilər.

Tədqiqatlar göstərir ki, torpaq və bitkilər kimi təbii materiallarla təmas dərinin mikrob müxtəlifliyini artırmağın sadə yollarından biridir. Bu isə təkcə dəri sağlamlığına deyil, həm də immun sisteminə müsbət təsir göstərə bilər.

Mira Qrönroosun sözlərinə görə, təbiətlə qısa müddətli təmas müəyyən dəyişiklik yaratsa da, bu təsirin davamlı olması üçün insanın torpaq və digər təbii materiallarla daha uzun müddət və ya mütəmadi təmasda olması vacibdir.

Uşaqlar üçün palçıqda oynamaq faydalı ola bilər

Finlandiyanın mərkəzində yerləşən Aurinkolinna uşaq bağçasında uşaqlar hər gün ən azı bir neçə saat açıq havada, meşəlik ərazidə oynayırlar. Onlar ağacların və kolların arasında qaçır, qum qalaları tikir, gölməçələrdə oynayır, torpaq və taxta qırıntıları ilə təmasda olurlar.

Günün sonunda uşaqların paltarlarının və bədənlərinin palçığa bulaşması isə burada adi haldır.

Alimlər hazırda bu cür təbiət təmasının uşaqların sağlamlığına təsirini araşdırırlar. Tədqiqat çərçivəsində uşaqların dərisində, ağız suyunda və bağırsaqlarında olan mikroblar, həmçinin qan və saç nümunələri analiz edilir.

Finlandiyada 43 uşaq bağçasının iştirak etdiyi Vahvistu tədqiqat layihəsində alimlər təbiətin uşaqların gündəlik oyun mühitinə gətirilməsinin immun sisteminə təsirini üç il ərzində izləyirlər.

Bu araşdırma daha əvvəl aparılan tədqiqatların nəticələrinə əsaslanır. 2016-2017-ci illərdə keçirilən bir araşdırma zamanı alimlər uşaq bağçasının həyətinə meşə mühiti yaradaraq torf və bitki sahələri yerləşdiriblər.

Uşaqların 28 gün ərzində bu mühitdə mütəmadi oynamasından sonra onların dəri, ağız və bağırsaq mikroblarında dəyişikliklər müşahidə olunub.

Bir il sonra aparılan müqayisələr isə göstərib ki, meşə mühitində oynayan uşaqların dərisində mikrobların müxtəlifliyi asfalt və digər sərt örtüklü həyətlərdə oynayan uşaqlarla müqayisədə daha yüksək olub.

Mütəxəssislər hesab edirlər ki, təbiətlə müntəzəm təmas insan orqanizminin mikrobiomuna və immun sisteminə müsbət təsir göstərə bilər. Bu səbəbdən bəzən əlləri torpağa bulaşdırmaq düşündüyümüz qədər pis olmaya bilər.

 

Elmira Ağayeva

#Dünya #ekologiya #maraqlı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər