00:00:00
Yazar
Zəhra Həsənova
23.04.2026 21:02 72 2 dəq oxuma
Sosial

Mədəni irsə zərbə: İşğal dövrünün gizli qalan vandalizm izləri

Mədəni irsə zərbə: İşğal dövrünün gizli qalan vandalizm izləri

Ermənistanın Azərbaycan ərazilərini uzun illər işğal altında saxladığı dövrdə mədəni və dini irsə qarşı genişmiqyaslı vandalizm aktlarının törədildiyi bildirilir. Rəsmi məlumatlara görə, yüzlərlə tarixi abidə, muzey, kitabxana və arxeoloji məkan dağıdılıb və ya talan edilib, xüsusilə, dini abidələr ciddi zərər görüb. İşğaldan azad olunmuş ərazilərdə aparılan monitorinqlər nəticəsində bu faktlar daha aydın şəkildə üzə çıxıb və beynəlxalq hüququn pozulması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Mütəxəssislər qeyd edir ki, bu cür halların araşdırılması və sənədləşdirilməsi gələcəkdə hüquqi qiymətin verilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

 

Mövzu ilə bağlı tarixçi Günel Aslanlı “İnformator.az”a açıqlamasında bildirib ki, beynəlxalq hüquq normaları baxımından işğal dövründə mədəni və dini irsə qarşı törədilən vandalizm aktları ciddi hüquq pozuntusu hesab olunur:

 

“Xüsusilə, 1954-cü ildə qəbul olunan Haaqa Konvensiyası və onun protokolları mədəni irsin qorunmasını dövlətlər üçün hüquqi öhdəlik kimi müəyyən edir. Bu sənədlərə əsasən, mədəni irs obyektlərinin qəsdən dağıdılması hərbi cinayət kimi qiymətləndirilə bilər, işğalçı dövlət həmin ərazilərdəki mədəni sərvətlərin qorunmasına görə məsuliyyət daşıyır. Dini abidələrin təhqiri və ya məhv edilməsi isə həm də insan hüquqlarının pozuntusu kontekstində dəyərləndirilir. Eyni zamanda, Cenevrə Konvensiyaları və onların əlavə protokolları mülki obyektlərin, o cümlədən mədəni irs nümunələrinin qorunmasını tələb edir. Bu baxımdan, mədəni irsə qarşı sistemli dağıntılar beynəlxalq humanitar hüququn açıq şəkildə pozulmasıdır. Tarixi abidələr bir xalqın yaddaşını daşıyır. Onların məhv edilməsi kollektiv yaddaşın silinməsi, tarixlə fiziki əlaqənin qırılması deməkdir. Bi cür dağıntılar yalnız fiziki deyil, həm də ideoloji və psixoloji təsir vasitəsidir. Mədəni və dini irsin məhv edilməsi xalqın tarixi köklərinin inkarına yönəlir, nəsillərarası mədəni ötürülməni zəiflədir və milli-mənəvi dəyərlərə zərbə vurur. Bu baxımdan, mədəni irsə qarşı vandalizm həm də simvolik müharibə formasıdır və bəzi hallarda mədəni soyqırımı anlayışı çərçivəsində müzakirə olunur”.

 

Günel Aslanlı vurğulayıb ki, işğaldan azad olunan ərazilərdə aparılan monitorinqlər nəticəsində əldə edilən faktların sistemli şəkildə sənədləşdirilməsi xüsusi əhəmiyyət daşıyır:

 

“Foto və video sübutlar, arxiv materialları və ekspert rəyləri gələcək hüquqi proseslər üçün əsas baza rolunu oynayır. UNESCO və digər beynəlxalq qurumlarla əməkdaşlıq edərək bu faktların beynəlxalq səviyyədə tanınmasına nail olmaq mümkündür. Eyni zamanda, konfranslar, akademik nəşrlər və media vasitəsilə mövzunun qlobal gündəmdə saxlanılması vacibdir. Bu isə öz növbəsində həm də informasiya müharibəsinin mühüm komponentidir”.

 

Fatimə Hüseynli

#irsə #mədəni #dövrünün #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər