Mədəniyyət Nazirliyində media strukturu yenidən formalaşdırılıb
Mədəniyyət Nazirliyində struktur islahatları çərçivəsində Media və kommunikasiya şöbəsi ləğv olunub. Onun əvəzində müstəqil Media ilə iş sektoru yaradılıb, eyni zamanda Nazirlikdə ayrıca Kommunikasiya sektoru formalaşdırılıb. Qeyd edək ki, ləğv edilən şöbənin müdiri vəzifəsini Aynur Kərimova icra edirdi.
Mövzu ilə bağlı Mədəniyyət Nazirliyinin Mətbuat katibi Aynur Kərimova “İnformator.az”a açıqlamasında bildirib ki, dəyişikliklər idarəetmənin səmərəliliyinin artırılmasına xidmət edir:
“İdarəetmədə səmərəliliyinin artırılması, mədəniyyət sahələrində idarəetmənin tənzimlənməsi məqsədilə ilk mərhələdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin aparatında struktur təkmilləşdirilməsi həyata keçirilib, şöbə və bölmələrin fəaliyyəti optimallaşdırılıb. Konsepsiyada nəzərdə tutulan yeni idarəetmə yanaşmaları və mədəniyyətin yeni fəaliyyət sahələri bu istiqamətlər üzrə effektiv idarəetmə və nəzarətin təmin olunmasını tələb edir. Bu baxımdan, nazirliyin aparatında yeni struktur vahidlərinin formalaşdırılması və mövcud şöbələrin funksional bölgüsünün yenidən təşkili həyata keçirilir”.
Aynur Kərimova əlavə edib ki, aparılan dəyişikliklər nəticəsində kommunikasiya və rəqəmsallaşma istiqamətləri daha da gücləndirilib:
“Nəticədə, Nazirliyin aparatının yenilənən strukturunda Konsepsiyada müəyyənləşən mədəniyyətin yeni sahələrinə uyğun olaraq idarəetmə formalaşdırılıb, kommunikasiya, rəqəmsallaşma və əlaqələndirmə mexanizmləri təkmilləşdirilib”.
Fatimə Hüseynli