Məhv olmaq təhlükəsi ilə üz-üzə qalan sənət növü – Skrimşou
Herman Melvilin “Mobi Dik” romanının 175 illiyi ərəfəsində ABŞ-də balina ovçuluğunun mirası ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Bu çərçivədə ABŞ-nin ən qədim yerli sənət növlərindən biri hesab olunan skrişo sənətinin də yox olmaq təhlükəsi ilə üzləşdiyi bildirilir.
Skrimşou– ovlanmış balinaların dişləri və sümükləri üzərində müxtəlif təsvirlərin oyulması və işlənməsi sənətidir. Bu sənət növü XIX əsrdə dünya üzrə balina ovçuluğunun genişləndiyi dövrdə dənizçilər tərəfindən inkişaf etdirilib.
ABŞ-nin Massaçusets ştatının Nyu-Bedford şəhərində yaşayan rəssam Jade Gotauco uşaqlığını balina skeletlərinin arasında keçirib. Onun atası Chet Gotauco skrişo ustası olub. Jade Gotauco hazırda özü də bu sənətlə məşğul olur və balina dişləri üzərində dəniz mövzulu təsvirlər həkk edir.
Onun emalatxanasında balina dişləri və digər materiallardan hazırlanmış əsərlər saxlanılır. Rəssamın işlərində əsasən balinaların ovlanması, dənizçilər və balina ovçuluğu səhnələri təsvir olunur.
Skrimşou XIX əsrdə balina ovçuluğunun sürətlə inkişaf etdiyi dövrdə dənizçilərin həyatının mühüm hissəsinə çevrilib. O dövrdə Nyu-Bedford balina ovçuluğu hesabına Şimali Amerikanın adambaşına düşən gəlir baxımından ən zəngin şəhərlərindən biri olub.
Nyu-Bedford Balinaçılıq Muzeyinin assistent kuratoru Marina Wells bildirib ki, dənizçilər yaşadıqları hadisələrin əhəmiyyətli olduğunu düşünür və bunu hazırladıqları əsərlərdə əks etdirirdilər.
Onun sözlərinə görə, skrişo nümunələrində balina ovçuluğu səhnələri böyük dəqiqliklə təsvir olunub. Bəzi əsərlərdə dənizçilərin uzaqda qalan ailələrinə həsrətləri, digərlərində isə balina ovunun təhlükəli və ağır tərəfləri əks olunub.
Hazırda isə qanuni bazarda balina dişləri və sümüklərinin çox az qaldığı bildirilir. Bu vəziyyət skrimşou sənətinin gələcəyini də sual altında qoyur.
Jade Gotauco sənət növünün mövcud materiallar tükəndikdən sonra sona çatmalı olduğunu düşünən skrimşou ustalarından biridir.
“Fil sümüyü tükənəndə bu sənət də başa çatacaq”, – deyə o bildirib.
Skrişo nümunələri müasir dövrdə balina ovçuluğunun növlər üzərində yaratdığı ağır təsirləri xatırlatsa da, əsərlər eyni zamanda bu sənaye sahəsində çalışan insanların həyatındakı təhlükələri də əks etdirir.
Nyu-Bedford şəhərində yerləşən və 1832-ci ildə inşa edilən Seamen’s Bethel kilsəsində dənizdə həyatını itirən şəxslərin xatirəsinə qoyulmuş mərmər lövhələr balina ovçuluğunun insan həyatı üçün yaratdığı riskləri nümayiş etdirir. Bu kilsə “Mobi Dik” romanının ilk fəsillərində də xatırlanır.
ABŞ-də balina ovçuluğunun sonu necə gəldi?
New Bedford şəhərində yerləşən Seamen’s Bethel kilsəsində balina ovçuluğunun təhlükəli tərəflərini əks etdirən xatirə lövhələri də var.
Kapitan Uilyam Sveynin məzar daşında belə yazılıb: “Balina ovladıqdan sonra kəndirə ilişərək dənizə sürüklənib və boğulub”.
“Cowper” balina ovlayan gəmisinin 19, 22 və 24 yaşlı üç dənizçisinin xatirəsinə həsr olunmuş başqa bir abidədə isə onların 1854-cü il iyulun 15-də Oxotsk dənizində qayıqlarının aşması nəticəsində həyatlarını itirdiyi qeyd olunur.
Onların ölümü ABŞ-də balina ovçuluğunun qısa müddətli yüksəliş dövrünə təsadüf edib. 1857-ci ildə Nyu-Bedford şəhərinin balina ovlayan gəmilərində 10 mindən çox kişi çalışırdı. Bu, həmin dövrdə şəhər əhalisinin təxminən yarısını təşkil edirdi.
Lakin iki il sonra Pensilvaniyada neft yataqlarının aşkarlanması vəziyyəti dəyişdi. Ardınca başlayan neft bumu nəticəsində ABŞ şəhərləri kerosinlə doldu. Nisbətən ucuz olan bu fosil yanacaq dünyanın müxtəlif yerlərində lampalarda istifadə edilən balina yağını tədricən əvəz edib.
XIX əsrin sonlarına doğru isə ABŞ-də balina ovçuluğu demək olar ki, tamamilə sona çatıb.
Güllər Gülhüseynova