00:00:00
Yazar
Ayan Sədi
20.04.2026 16:21 12 2 dəq oxuma
Sosial

Məişətdə istifadə olunan dərman tullantıları: ekoloji təhlükə və hüquqi boşluq

Məişətdə istifadə olunan dərman tullantıları: ekoloji təhlükə və hüquqi boşluq

Müasir dövrdə tibb müəssisələri üçün qanunla müəyyən edilmiş utilizasiya qaydaları mövcud olsa da, fərdi istifadəçilərdən qalan dərmanların toplanması sahəsində hələ ki mərkəzləşmiş bir mexanizm formalaşmayıb. Məişət tullantılarına qarışan dərman preparatları həm ekoloji təhlükəsizlik, həm də ictimai sağlamlıq baxımından ciddi suallar doğurur.


​Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinin Coğrafiya institunun şöbə müdiri, ekoloq Əliyev Ənvər "İnformator.az"a açıqlamasında bildirib ki, açıq sahələrə və zibil qutularına atılan dərman preparatları bioloji dövrana qoşularaq fəlakətli nəticələrə yol açır:


​"Tibbi təşkilatların xüsusi kanalizasiya və utilizasiya sistemləri olmalıdır, lakin fərdi istifadədə vəziyyət fərqlidir. Zibil qutularına atılan ampulalar və dərmanlar yağış suları vasitəsilə sızaraq içməli suya, torpağa və su hövzələrinə qarışır. Bu, təkcə ekosistemə zərbə deyil, həm də insanların, uşaqların və heyvanat aləminin sağlamlığına birbaşa təhlükədir. Ot və su vasitəsilə bioloji dövrana qoşulan kimyəvi maddələr ağlasığmaz dərəcədə qorxulu bir mühit yaradır. İnsanlar özləri də bilmədən fasiləsiz olaraq bu yolla zəhərlənə bilərlər. Bu səbəbdən, hər hansı fəsadın olmaması üçün bu tullantıların xüsusi qaydada utilizasiyası mütləqdir".


Hüquqşünas Ayxan Məmmədli isə məsələnin hüquqi müstəvisinə toxunaraq bildirib ki, vətəndaşların vaxtı keçmiş dərmanları apteklərə təhvil verməsi mexanizmi hələ sistemli bir praktika halına gəlməyib:

 

Lalə Əhməd


​"Vətəndaşların dərmanları apteklərə təhvil verməsi ideya olaraq düzgün yanaşmadır, lakin reallıqda bu prosesin hüquqi öhdəliyi tam müəyyənləşdirilməyib. Hazırda Azərbaycanda dərman tullantılarının toplanması üçün vahid və məcburi bir sistem formalaşmadığı üçün apteklərin böyük hissəsi bu preparatları rəsmi qaydada qəbul etmir. Ümumi ekoloji və sanitariya qaydaları tullantıların düzgün idarə olunmasını tələb etsə də, məhz fərdi dərman tullantılarına dair detallı və icrası məcburi olan mexanizm zəifdir. Bu hüquqi boşluq nəticəsində vətəndaşlar alternativ yol tapmadıqları üçün dərmanları məişət tullantılarına atmağa davam edirlər".


Problemin həlli üçün kompleks yanaşmanın zəruriliyini vurğulayan hüquqşünas, logistika zəncirinin qurulmasının vacibliyini qeyd edib:


​"Sistem təkcə "pteklər qəbul etsin" deməklə bitmir. Bunun üçün təhlükəsiz toplanma, məhv etmə qaydaları, maliyyələşmə mexanizmi və ciddi dövlət nəzarəti tələb olunur. Hazırda bu elementlərin hamısını əhatə edən işlək bir model mövcud deyil və bu sahə inkişaf etdirilməyə möhtacdır".


Evlərimizdən zibil qutularına gedən hər bir dərman preparatı əslində təbiətə atılan "gecikmiş partlayışlı bomba" effekti verir. Bu prosesin sadəcə fərdi məsuliyyətə deyil, həm də hüquqi və texniki bir sistemə söykənməsi gələcək nəsillərin ekoloji təhlükəsizliyinin ən vacib şərtidir.

 

 

#gündəm #dərman #ekoloji #olunan #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər