00:00:00
Yazar
Zəhra Həsənova
08.07.2026 20:53 21 4 dəq oxuma
Sosial

“Əmək pensiyasının yenidən hesablanması sosial ədalətin əsas göstəricilərindən biridir” - Sosioloq

“Əmək pensiyasının yenidən hesablanması sosial ədalətin əsas göstəricilərindən biridir” - Sosioloq

Azərbaycanda əmək pensiyasının yenidən hesablanması qanunvericiliklə müəyyən edilmiş hallarda həyata keçirilir. Pensiya məbləği pensiyaçı işləməyə davam etdikdə və fərdi hesabında əlavə pensiya kapitalı formalaşdıqda, əlillik və ya digər hüquqi əsaslarda dəyişiklik baş verdikdə, həmçinin qanunvericiliyə edilən dəyişikliklər nəticəsində, yenidən hesablana bilər. Yenidən hesablama pensiya məbləğinin artırılması və ya qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədi daşıyır.

 

Mövzu ilə bağlı sosioloq Naib Niftəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, əmək pensiyasının yenidən hesablanması ilə bağlı müxtəlif şərtlər və meyarlar mövcuddur. Bu prosesdə əsas prinsiplərdən biri sosial həmrəylik və sosial ədalət prinsipidir:

 

“Uzun illər əmək fəaliyyəti ilə məşğul olan və fərdi hesabında pensiya kapitalı toplayan vətəndaş ödədiyi sosial sığorta haqlarının gələcək pensiya təminatına necə təsir etdiyini bilmək istəyir. Vətəndaş pensiya məsələlərində mövcud imtiyazların, əlavə sosial ödənişlərin, yeni pensiya kapitalının və qanunvericilikdə nəzərdə tutulmuş digər əsasların onun pensiya təminatına necə təsir etdiyini görmək istəyir. Bu, vətəndaşın ödədiyi sosial sığorta haqqının gələcəkdə real pensiya kapitalına çevriləcəyinə inam yaradır. Bununla yanaşı, pensiya kapitalının varisliyinin təmin edilməsi ilə bağlı müəyyən problemlər və çətinliklər də mövcuddur. Bu, mürəkkəb və həlli vacib məsələlərdəndir. Müxtəlif ölkələrin təcrübəsi göstərir ki, burada həm vətəndaşın, həm də onun varislərinin hüquq və maraqlarının qorunması əsas məsələlərdən biridir. Bütün bunlar dövlətin sosial müdafiə institutlarına etimadı gücləndirən amillər sırasındadır. Sosial ədalət yalnız vəsaitlərin bölüşdürülməsi ilə ölçülmür. Əgər vətəndaş ödədiyi vəsaitin gələcəkdə ona xidmət edəcəyini bilirsə, sosial sığorta ödənişlərini daha məsuliyyətlə həyata keçirir. Əks halda isə müxtəlif narazılıqlar və ziddiyyətlər yaranır. Bu istiqamətdə maarifləndirmə işi gücləndirilməlidir. Rəqəmsal xidmətlər və şəxsi elektron kabinetlərin fəaliyyəti daha da təkmilləşdirilməli, mürəkkəb prosedurlar sadələşdirilməlidir. Hesablama mexanizmlərində əlçatanlıq, şəffaflıq və vətəndaşın maraqlarına uyğun yanaşma əsas götürülməlidir”.

 

Naib Niftəliyev pensiya sistemində aparılan dəyişikliklərin insanların əmək motivasiyasına da təsir etdiyini vurğulayıb:

 

“Pensiya sisteminin əsas prinsiplərindən biri ondan ibarətdir ki, daha çox işləyən və daha çox sosial sığorta haqqı ödəyən şəxs daha yüksək pensiya almalıdır. Bu yanaşma ümumilikdə düzgün və məqsədəuyğundur. Lakin bəzi hallarda fərqli imtiyazlar, qeyri-bərabər yanaşma, uzunmüddətli əmək stajının tam nəzərə alınmaması və digər məsələlər vətəndaşlarda haqlı narazılıq yaradır. Beynəlxalq təcrübə göstərir ki, bu problemlərin həlli yollarından biri fərdi uçot sisteminin daha da gücləndirilməsidir. İnsan müəyyən dövrlərdə sosial sığorta haqqı ödəmək imkanı əldə etmədikdə, lakin rəsmi əmək münasibətlərində olduqda, həmin ödənişləri dövlətin təmin etməsi fərdi pensiya kapitalının formalaşmasına müsbət təsir göstərir. Bununla yanaşı, pensiya hüquqlarının tam və vaxtında təmin edilməsi də vacib şərtlərdəndir. Yaşlı insanların əmək bazarında qalması, onların bilik və təcrübəsindən səmərəli istifadə olunması həm sosial-iqtisadi rifahın yüksəlməsinə, həm də onların maddi və mənəvi təminatının yaxşılaşmasına müsbət təsir göstərir. Lakin yüksək motivasiya yalnız pensiyanın yenidən hesablanması ilə bağlı deyil. Layiqli əməkhaqqı, təhlükəsiz əmək şəraiti və yaşa görə ayrı-seçkiliyin olmaması da mühüm rol oynayır. Vətəndaşlar pensiyanın hesablanması metodikası ilə əvvəlcədən tanış olmalı, öz hüquq və vəzifələrini bilməlidirlər. Bu istiqamətdə sistemli sosial-hüquqi maarifləndirmə aparılmalıdır. Pensiya kapitalının formalaşma mexanizmi aydın izah edilməli, əlavə sosial sığorta ödənişlərinin gələcək pensiya təminatına təsiri sadə və əlçatan formada vətəndaşlara çatdırılmalıdır. Bu prosesdə rəqəmsal xidmətlərdən, şəxsi elektron kabinetlərdən daha geniş istifadə olunmalı, vətəndaşlara mütəmadi məlumat verilməlidir. Televiziya, radio, xəbər portalları və digər media qurumları bu istiqamətdə maarifləndirmə kampaniyalarında fəal iştirak etməlidirlər. Eyni zamanda işəgötürənlər, sahibkarlar və dövlət qurumları əmək münasibətləri, sosial sığorta, pensiya hüquqları və vəzifələri ilə bağlı məlumatlandırma tədbirlərini mütəmadi təşkil etməlidilər. Ali və orta ixtisas təhsil müəssisələrində, eləcə də məşğulluq proqramlarında sosial sığorta və pensiya savadlılığı ilə bağlı maarifləndirici modulların tətbiqi məqsədəuyğun olar.

Ümumilikdə sosial siyasətin və sosial qanunvericiliyin əsas məqsədi vətəndaşların pensiya və sosial təminat hüquqlarının ədalətli şəkildə həyata keçirilməsidir. İnsan öz sosial hüquqlarını, əmək qanunvericiliyini, sosial sığorta, məşğulluq və sosial xidmətlərlə bağlı qanunvericiliyin tələblərini bildikdə, həm əmək münasibətlərini rəsmiləşdirməyə daha məsuliyyətlə yanaşır, həm də sosial təminat sistemi barədə daha dolğun təsəvvür formalaşdırır”, – deyə o fikrini tamamlayıb.

 

Fatimə Hüseynli

#hesablanması #əsas #sosioloq #ədalətin
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər