00:00:00
Yazar
Ayşən Səlimova
31.03.2026 20:26 95 3 dəq oxuma
Sosial

Məktəblərdə satılan qidaların keyfiyyəti: uşaqlar nə yeyir?

Məktəblərdə satılan qidaların keyfiyyəti: uşaqlar nə yeyir?

Məktəblər uşaqların yalnız təhsil aldığı deyil, eyni zamanda gündəlik qidalanma vərdişlərinin formalaşdığı əsas mühitlərdən biridir. Lakin son illərdə məktəb bufetlərində və ətrafında satılan qidaların keyfiyyəti ciddi müzakirə mövzusuna çevrilib. Şagirdlərə təqdim olunan məhsulların bir çoxu yüksək şəkər, yağ və süni qatqılarla zəngin olur ki, bu da onların sağlamlığına mənfi təsir göstərə bilər. Valideynlər və mütəxəssislər isə sual edir: məktəblərdə uşaqlara təqdim olunan qidalar nə dərəcədə təhlükəsiz və faydalıdır? 

 

Mövzu ilə bağlı qida eksperti Eyyub Hüseynov “İnformator.az”a bildirib ki, 15 il əvvəl Dövlət Standartlaşdırma Komitəsi olan zaman məktəb bufetləri üçün standart qəbul olunubdur:

 

“Yəni məktəblərdə hansı qidalar satıla bilər - müəyyən məhdudiyyətlər var idi. Elə o vaxtlar energetik içkilərin, kolbasa məmulatlarının, qızardılan məmulatların və.s satışı standartlarda qadağa olunub. Yenidən bu standartlara baxılıb. Artıq Qida Təhlükəsizlik Agentliyi də bu işlə məşğuldur. Lakin məktəb sferası o qədər böyük bir ərazini əhatə edir ki, bunlara nəzarət etmək demək olar ki, mümkün deyil. Adətən, xüsusən regionlarda və bəzi hallarda şəhərətrafı yerlərdə məktəb bufetləri məktəb direktorları ilə oranı işlədən, icarəyə verilən şəxslərin şərikli bir biznesi kimi görünür. Bu, əlbəttə, hər kəs vasitəsilə hiss edilmir. Uzun illər sovet vaxtı və ondan sonrakı müstəqillik dövrlərində məktəb bufetlərini qida ilə təmin edən xüsusi bir qurum var idi. O qurum da artıq çoxdan ləğv olunubdur. Ona görə də hazırda məktəb bufetlərinə, necə deyərlər, varı işlədənlər hardan olsa, qida gətirirlər. Əlbəttə, Qida Təhlükəsizlik Agentliyi çalışır ki, bu sahəyə nəzarət etsin və müəyyən qidaların, o cümlədən öncə dediyim qidaların və digər bir çox qidaların satışı qadağandır. Lakin bu, o qədər geniş coğrafiyanı əhatə edir ki - kənd məktəbləri və s. Buna nəzarət etmək demək olar ki, mümkün deyil. Onu da qeyd edək ki, hətta böyük tənəffüslər belə şagirdlərin kütləvi qidalanması üçün azlıq edir, çatmır. Necə deyərlər, tələb təklifi üstələdiyi üçün burada vaxtı keçmiş qidaların satılması istisna olunmur. Bu məsələləri həll etmək üçün valideyn komitələri xüsusi iş görməlidir, yəni daha fəal olmalıdır. Məktəb müəllimləri və məktəb müdiriyyəti də buna ciddi nəzarət etməlidir. Çox təəssüf olsun ki, valideyn komitələrinin ümumilikdə məktəbin həyatına təsir etmək imkanları həddindən artıq zəifdir və fəal iş görə bilmirlər. Belə bir şəraitdə, əlbəttə, məktəb bufetlərində arzuolunmaz qidalar satılır. Azad İstehlakçılar Birliyinin region şöbələrində, məsələn, Beyləqan şöbəsinin müsbət təcrübəsi var. Onlar daim məktəb bufetlərinə nəzarət edir, monitorinqlər aparır, məsləhətlər verir və təhlükəli, arzuolunmaz qidaların satılmasının qarşısını alırlar. Azad İstehlakçılar Birliyi olaraq biz həmişə təklif vermişik ki, böyük tənəffüslərin qısa olmasını nəzərə alaraq məktəb bufetləri ilə yanaşı, məktəblərin koridorlarında avtomatik meyvə satan qurğular qoyulsun. Uşaqlar, məsələn, 20 qəpik, 50 qəpik atmaqla oradan rahat meyvə ilə qidalana bilsinlər. Çox təəssüf ki, bu yaxşı bir biznes ola bilsə də, bu işi görən heç bir biznes qurumu yoxdur. Ona görə də məktəbdəki valideyn komitələri xüsusi fəallıq göstərməli və məktəb bufetlərinə ciddi nəzarət olunmalıdır. Digər bir məsələ isə məktəb bufetlərində satılan qidalar zamanı kassa çekinin verilməməsidir. Regionlarda bu problem xüsusilə, geniş yayılıb. Çünki zəhərlənmə və ya digər hallar baş verərsə, kassa çeki olmadığından həmin qidanın haradan alındığını sübut etmək mümkün olmayacaq. Yəni bu sahədə Vergilər Nazirliyi də məsələyə çox diqqətlə yanaşmalıdır”.

 

Cavahir Əsgərbəyli

#Sosial
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər