Mərdəkanda dənizdə bir ailənin 4 üzvündən ikisi batıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində, ən yaxın xilasetmə məntəqəsindən təxminən 2 km aralıda nəzarətsiz dəniz sahəsində 4 nəfərin batması barədə məlumat daxil olub.
"İnformator.az" "Report"a istinadən xəbər verir ki, FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub və axtarış-xilasetmə əməliyyatına başlanılıb.
Operativ tədbirlər nəticəsində 1975-ci il təvəllüdlü Məmmədov Rasim Qəhraman oğlu və 2016-cı il təvəllüdlü Məmmədzadə Aytən Rasim qızı xilas edilib.
Axtarışlar zamanı 2005-ci il təvəllüdlü Məmmədov Raul Rasim oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda 2007-ci il təvəllüdlü Məmmədzadə Zeynəb Rasim qızının tapılması istiqamətində axtarışlar davam etdirilir.
Qeyd edək ki, hadisədə adıçəkilən şəxslər bir ailənin üzvləridir.