Müəllimlər üçün süni intellekt əsaslı platforma yaradılıb
Təhsildə Araşdırma və İnkişaf Mərkəzi (TAİM) MİQ və sertifikasiya imtahanlarına hazırlaşan müəllimlər üçün süni intellekt əsaslı yeni tədris platformasını təqdim edib. Platforma fərdi öyrənmə tempinə uyğun, interaktiv və adaptiv imkanlar yaradır. Burada “Mr. Taim” adlı ağıllı çatbot vasitəsilə müəllimlərə real vaxtda dəstək göstərilir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, süni intellekt əsaslı tədris platformalarının müəllim hazırlığında rolu olduqca əhəmiyyətlidir və bu, qlobal təcrübə ilə də təsdiqlənir:
"Bu gün müəllim hazırlığı yalnız mövzunu oxumaq və test işləməklə məhdudlaşmır. Müəllim biliklə yanaşı analiz, metodika və tətbiq bacarıqlarını da formalaşdırmalıdır. Süni intellekt əsaslı platformalar bu prosesi daha məqsədyönlü və fərdi şəkildə təşkil edir. Platforma müəllimin bilik səviyyəsini müəyyənləşdirir, zəif mövzuları aşkar edir və ona uyğun fərdi hazırlıq planı təqdim edir. Bu yanaşma vaxtdan daha səmərəli istifadə etməyə imkan verir və nəticəyə daha tez çatmağa kömək edir.
Bu çatbotlar müəllim üçün sanki fərdi mentor funksiyasını yerinə yetirir. Müəllim istənilən vaxt sual verə, mövzunu daha sadə dildə izah etdirə və yanlış cavablarının səbəbini öyrənə bilir. Ənənəvi kurslarda bu imkanlar hər zaman olmur. Süni intellekt əsaslı çatbot isə 24/7 dəstək göstərir, öyrənmə prosesini daha rahat və davamlı edir. Bundan əlavə, çatbotlar təkcə düzgün cavabı deyil, düşünmə məntiqini və düzgün yanaşma formasını da izah edir".
Ekspert vurğulayıb ki, bu texnologiyalar MİQ və sertifikasiya imtahanlarına hazırlığı bir neçə istiqamətdə asanlaşdırır:
"Adaptiv tədris modeli müəllimi daha çox zəif olduğu mövzulara yönləndirir. Platformalar imtahan formatına uyğun məşq imkanı yaradır və sualların strukturunu daha yaxşı anlamağa kömək edir. Eyni zamanda vaxt bölgüsü və imtahan strategiyasının formalaşmasında da effektivdir. Müəllim hansı suallarda vaxt itirdiyini görür və real imtahana daha yaxın şəraitdə hazırlaşır. Ümumilikdə, bu cür platformalar müəllim hazırlığını daha müasir mərhələyə daşıyır və həm imtahan nəticələrinin, həm də ümumi tədris keyfiyyətinin yüksəlməsinə töhfə verir".
Reyhan Quliyeva
