Münaqişə jurnalistikasının problemləri: Bələdçimiz Seymur Kazımovdur
“Mediada müharibələr və zorakı münaqişələrlə bağlı olan xəbərlər çox zaman izləyiciləri digər hadisələrdən daha çox cəlb edir, lakin bu hadisələri işıqlandırmaq onu ictimaiyyətə çatdırmalı olan jurnalistlər üçün böyük çətinliklər yarada bilər” – “Münaqişə jurnalistikası: Azərbaycan jurnalistləri üçün bələdçi kitab” bu sözlərlə başlayır.
Müəlliflər – Cənubi Afrika Rods Universitetinin Jurnalistika və media tədqiqatları məktəbinin elmi işçisi Piter Dü Toi və müstəqil jurnalist, tədqiqaçı və münaqişələrin işıqlandırılması üzrə ekspert Seymur Kazımov “Münaqişə jurnalistikası: Azərbaycan jurnalistləri üçün bələdçi kitab” ilə Azərbaycan jurnalistlərini münaqişə jurnalistikasının prinsipləri ilə tanış etməyi qarşılarına məqsəd qoyublar. Münaqişə jurnalistikası üzrə beynəlxalq dərəcəli təlimçi və onun Azərbaycandan olan həmkarının yazdığı bu bələdçi kitabın digər məqsədi isə jurnalistləri müharibə haqqında ictimaiyyəti necə məlumatlandırdıqları barədə düşündürmək və onları digər münaqişələrin konstruktiv işıqlandırılmasına hazırlamaqdır.
İnformator.az saytı olaraq daha ətraflı məlumatı kitabın azərbaycanlı müəllifi Jurnalist Seymur Kazımovdan öyrənmək istədik. Seymur Kazımovun müəllifi olduğu digər kitablar və Azərbaycanda jurnalistika fəaliyyətini necə dəyərləndirdiyi ilə maraqlandıq.
“Münaqişə jurnalistikası: Azərbaycan jurnalistləri üçün bələdçi kitab” biz yeni başlayanlara necə bələdçilik edəcək?
Kitabda, əsasən, konflikt şəraitində yazı vərdişlərinin formalaşması üçün zəruri bilik və informasiyalar verilib. Material konflikt tərəflərinin düzgün müəyyən olunması qaydaları, onlara veriləcək sualların hazırlanması, həssas təbəqələrlə müsahibə texnikası, terminlərin yerində işlənməsi və s. bu kimi məsələləri əhatə edir. Ümumiyyətlə, burada konfliktə yalnız media kontekstində yanaşılır. Təbii ki, ümumi konfliktologiya haqqında müəyyən biliklər də verilir, amma əsas məqsəd konfliktin mediada işıqlandırılmasıdır. Kitabın yazılmasında məqsəd jurnalistlərin konfliktyönümlü materiallar hazırlaya bilməsidir.
Bildiyimiz kimi, 44 günlük vətən müharibəsində jurnalistlər üçün problem yarandı, işləyə bilmədilər. Bu kitab jurnalistlərə nə qədər yardımçı olacaq?
Çox problem yaradıldı. Bunların başında, jurnalistlərə qarşı ayrı-seçkilik dayanır. Bir qrup jurnalisti cəbhəyanı ərazilərə buraxdılar, bir qrupu çox çətinliklə buraxdılar, başqa bir qrupu isə ümumiyyətlə, buraxmadılar. Bəzi jurnalistlərə iş şəraiti yaradılsa da, onların 95 faizi qeyri-peşəkarlıq nümayiş etdirdilər. 2020-ci il müharibəsini media kontekstindən analiz etsək, dediklərim təsdiqini tapacaq. O ki qaldı kitaba… Onun nəşrindən bir ildən artıq vaxt keçib, ümid edirəm ki, oxuyublar və oxuduqlarını təcrübələrində tətbiq edəcəklər. O zaman yardım etdiyini dəqiq deyə bilərik.
Sizin müəllifi olduğunuz yeni kitab - “Kölgədə qalan qəhrəmanlar”ın ərsəyə gəlməsində məqsəd nədir bəs?
Burada mən müəllif kimi özümü göstərmirəm. Mənim yox, kitabda haqqında danışılan şəxslərin hiss və həyəcanları önəmlidir. Biz, sadəcə, dinləmişik və yazmışıq. O səhnələr müharibə reportyoru kimi mənə tanışdır. Amma mən elə məsələlər var ki, haqqında yazdığım şəxslər kimi qətiyyətli deyiləm. Bu günədək hansısa valideynə, “övladın şəhid oldu” xəbərini verməmişəm…
Son olaraq, Azərbaycanda jurnalistikanın fəaliyyətini necə dəyərləndirirsiniz?
Qənaətbəxş deyil. Azərbaycan mediasının üç əsas problemi var: siyasi-iqtisadi müstəqilliyi yoxdur, maliyyə dayaqları yoxdur, qeyri-peşəkarlıq isə çoxdur. Bunlar həll edilsə, o zaman yaxşı jurnalistikadan danışa bilərik.
Sonda qeyd edək ki, Seymur Kazımov Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr, Gürcüstan İctimai İşlər İnstitutunun Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbində magistr təhsili alıb. 2002‐ci ildən jurnalist fəaliyyəti ilə məşğuldur. Konflikt araşdırmaları və ekstremal şəraitdə jurnalistika üzrə ixtisaslaşıb. Ermənistan-Azərbaycan, Rusiya-Gürcüstan, Rusiya-Ukrayna müharibələrini, o cümlədən bir sıra dövlət və subyektlərdə kütləvi etiraz aksiyalarını işıqlandırıb. Sonuncu fəaliyyət yeri isə 2023-cüildə Türkiyənin zəlzələdən əziyyət çəkmiş bölgələri olub. Uzun illər Qarabağ münaqişəsindən əziyyət çəkən insanlar barədə yerli və beynəlxalq mediada məqalələrlə çıxış edib. Medianın bu istiqaməti ilə 2008‐ci ildən məşğuldur, ilk təcrübəsi Gürcüstan‐Rusiya müharibəsi olub. Bundan əlavə, bir sıra beynəlxalq hərbi əməliyyat və nümayişlərdən materiallar hazırlayıb.
Sayad Qoşnalıyeva
