00:00:00
Yazar
Nərmin Həşimova
14.04.2026 20:44 133 2 dəq oxuma
Sosial

Magistr dərəcəsi olmayanlar hansı imkanları itirir?- EKSPERTDƏN ÇAĞIRIŞ 

Magistr dərəcəsi olmayanlar hansı imkanları itirir?- EKSPERTDƏN ÇAĞIRIŞ

Ötən gün Dövlət İmtahan Mərkəzi magistratura qəbul imtahanları üçün qeydiyyatın başladığını elan etdi. Hər il minlərlə gənc bu mərhələni yeni bir “şans” kimi qiymətləndirir. Lakin çox az insan bu qərarı verməzdən əvvəl özünə vacib bir sual verir. Mənə magistr təhsili həqiqətən lazımdırmı?


Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən təhsil eksperti Afərim Seyidova bildirib ki, magistratura oxumaq hazırda müasir gəncliyə lazımdır:

 

“Əvvəla, ali məktəbdə işləmək və elmlə məşğul olmaq istəyənlər üçün magistr təhsili, kiçik elmi dərəcə olsa da, vacibdir.Bir çox iş yerlərində, liseylərdə, özəl məktəblərdə, yüksək maaş verən bəzi ingilisdilli  bölmələrdə magistr dərəcəsi olmayanlar qəbul olunmur”.


Daha sonra Afərim Seyidova qeyd edib ki, düzdür, əvvəllər magistr dərəcəsi olanların əmək haqqında az da olsa artım var idi:

 

“Hazırda  o artım ləğv olunub, amma magistratura dərəcəsi olan və bu kiçik elmi dərəcəni qazanan insanlar natamam ali təhsildən bir pillə üstündürlər. Bu üstünlük əsasən, işdə və karyerada yüksəlmək, həmçinin təhsil müəssisələrində işləmək imkanlarında özünü göstərir.Maaş baxımından ilk illərdə ciddi fərq hiss olunmaya bilər. Lakin gələcəkdə karyera yüksəlişində bu fərq açıq şəkildə görünür”.

 

Ekspert əlavə edib ki, gənclər əmək bazarına daxil olanda ilk 5 ili yalnız yüksək qazancı düşünməməlidirlər:

 

“Burada əsas məsələ gələcək perspektivi nəzərə almaqdır. İnsan bu gün işləyib inkişaf edərək gələcək üçün hansı bacarıqlara yiyələnəcəyini və hansı kapitalı qazanacağını düşünməlidir. İndi bir çox gənclər  yalnız qazancı düşünür, lakin əldə edəcəyi bacarıqlara kifayət qədər önəm vermir. Magistratura təhsili insanı daha yüksək ali təhsilə və elmi fəaliyyətə yönəldir. Bu, gələcəkdə elm adamı olmaq və elmi araşdırmalar aparmaq üçün zəmin yaradır. Eyni zamanda daha savadlı və inkişaf etmiş gəncliyin formalaşmasına kömək edir.Müasir təhsil sistemi şəxsiyyət yönümlüdür və magistratura bu istiqamətdə daha məntiqli, bacarıqlı və inkişaf etmiş fərdlər yetişdirir.Magistraturaya hazırlaşma prosesi zamanı məntiq inkişaf edir, ingilis dili təkmilləşir və bu bacarıqlar əmək bazarında gənclərə mühüm üstünlüklər qazandırır”.

 

Nurgün Qənizadə

#diplom #magistr #imkanlar #ekspert
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər