Magistraturaya ikinci cəhd: 23 mindən çox namizəd mübarizə aparacaq
2026/2027-ci tədris ili üzrə magistraturaya qəbul imtahanının ikinci cəhdi üçün qeydiyyat prosesi başa çatıb. Ümumilikdə 23 079 namizəd ərizəsini təsdiqləyib. Onlardan 21 365 nəfəri Azərbaycan, 1 714 nəfəri isə rus bölməsi üzrə imtahanda iştirak edəcək. Namizədlərin böyük əksəriyyəti xarici dil olaraq ingilis dilinə üstünlük verib. Qəbul imtahanının ikinci mərhələsi mayın 17-də keçiriləcək.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi “İnformator.az”a bildirib ki, magistraturaya qəbul zamanı müəyyən keyfiyyət meyarları qorunsa da, bu hələ tam kifayət deyil:
"Əsas məqsəd əmək bazarı üçün müvafiq ixtisaslar üzrə peşəkar kadrların hazırlanmasıdır. Lakin hazırkı mənzərə göstərir ki, magistratura pilləsinə müraciət edənlərin böyük bir hissəsi ixtisasını dəyişərək fərqli sahələrə yönəlir. Əslində, magistratura doktorantura pilləsinin başlanğıcı sayılır və bu mərhələdə tələbələrin öz ixtisasları üzrə elmi tədqiqat aparması vacibdir. Namizədlərin əksəriyyətinin idarəetmə (MBA) və ya digər fərqli istiqamətləri seçməsi bakalavr təhsilindən müəyyən dərəcədə narazılığın olduğunu göstərir. İngilis dilinin kütləvi şəkildə seçilməsi isə bu dildə tədris resurslarının zənginliyi, beynəlxalq əhəmiyyəti və qlobal miqyasda aparıcı mövqeyi ilə bağlıdır”.
Mələk Hüseynova