00:00:00
Yazar
Admin User
08.12.2025 18:17 105 2 dəq oxuma
İqtisadiyyat

“Maliyyə savadlılığının artırılması vacibdir”

“Maliyyə savadlılığının artırılması vacibdir”

2025-ci ilin 11 ayında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 1 milyon 436 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.

 

Mövzu ilə bağlı iqtisadçı Elman Sadıqov "İnformator.az"a açıqlamasında bildirib ki, hər bir büdcə bəndinin icrası iqtisadiyyat üçün müsbət dinamikadır:

 

"Büdcənin icra olunmaması iqtisadiyyatda problemlərin mövcud olduğunu və ya yaxın zamanda yarana biləcəyini göstərir. Büdcənin gəlir hissəsi ölkə iqtisadiyyatının bugünkü vəziyyətini, xərclər hissəsi isə sabahkı vəziyyəti haqqında təsəvvür formalaşdırır. Büdcə gəlirlərin icrası iqtisadiyyatda bu gün üçün ciddi problemlərin olmadığını göstərir. Xərclərin icrası isə iqtisadiyyatda daralmaların və problemlərin yaranmasını istisna edir. Uzun müddət fiskal siyasət monetar siyasətin kölgəsində qalıb. Bu səbəbdən maliyyə savadlılığının artırılması vacibdir. Cəmiyyətdə, hətta bəzi iqtisadçılar və məmurlar arasında belə fiskal siyasətlə bağlı yanlış təsəvvürlər var. Büdcə gəlir və xərclərinin müzakirəsi zamanı bu yanlış yanaşma xüsusilə nəzərə çarpır. Məsələn, büdcədə optimallaşdırma və ya xərclərin səmərəli istifadəsi dedikdə, bəziləri bunu qənaət kimi başa düşür, halbuki bunlar tam ayrı iqtisadi kateqoriyalardır. Gələcək illərdən başlayaraq cəmiyyətə optimallaşdırma, səmərəlilik və qənaətin nə olduğunu, aralarındakı fərqləri, eləcə də dövlətin bu sahədəki siyasətini aydın şəkildə izah etmək vacibdir. Bu məsələlər izah edildikdən sonra cəmiyyətdə büdcə müzakirələri daha konstruktiv olacaq və planların icrası daha yaxşı ola bilər".

 

İqtisadçı həmçinin qeyd edib ki, büdcə gəlirlərinin artması inflyasiyaya və valyuta bazarına təsiri minimumdur:

 

"Sizin büdcənin gəlirləri daha da çox ola bilər və əksinə siz borclanmanı azalda bilərsiniz. İnflyasiya və valyuta bazarına təsiri daha çox xərc bölümü ilə tənzimlənir. Azərbaycanda bu təsirlər əsasən koordinasiyalı şəkildə həm fiskal siyasət, həm də monetar siyasət səviyyəsində tənzimlənir. Bunun da özünəməxsus mexanizmləri mövcuddur. Ölkə iqtisadiyyatında yaranan vəziyyət növbəti illərdə fiskal və monetar siyasət arasında düzgün “paslaşmanın” təmin edilməsini tələb edir. Çünki yalnız bir tərəfin üzərinə həddindən artıq yük düşərsə, nəticələr iqtisadiyyata mənfi təsir göstərə bilər. Fiskal siyasətin 2025-ci ildə ön plana çıxması, bu siyasətin ictimaiyyətlə düzgün koordinasiyası, cəmiyyətin məlumatlandırılması və mətbuatın fəal iştirakı çox vacibdir. Mətbuat terminləri, yanaşma tərzlərini, siyasətin fəlsəfəsini və mahiyyətini cəmiyyətə çatdırmalıdır. Əgər gələn ildən etibarən fiskal siyasətdə planlaşdırılan addımlar reallaşdırılar və bu addımlar monetar siyasət tərəfindən dəstəklənərsə, eyni zamanda iqtisadiyyat bu addımlara adekvat reaksiya verərsə, hazırda mövcud olan neqativ gözləntilər tamamilə aradan qalxa bilər və əksinə müsbət nəticələr əldə oluna bilər".


Günel Əlili

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər