“Manas” dastanının türk dünyası fəlsəfəsində yeri - Azadlıq, ədalət və qədim türk düşüncəsinin mənəvi irsi
“Manas” dastanı yalnız qəhrəmanlıq eposu deyil, həm də qədim türklərin həyat tərzini, dünyagörüşünü, azadlıq və ədalət anlayışlarını özündə əks etdirən mühüm mənəvi abidədir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında türkoloq-tarixçi Faiq Ələkbərli bildirir ki, “Manas” dastanı köçəri xalqların, qədim türklərin və orta əsrlər türk dünyasının həyat fəlsəfəsini öyrənmək baxımından xüsusi əhəmiyyət daşıyır.
Ekspertin sözlərinə görə, Manas obrazının əsas xüsusiyyətlərindən biri onun köləlik və əsarətlə barışmamasıdır.
“Manasın əsas obrazı odur ki, o, köləliklə barışmır. Heç bir şəkildə özünü kölə və əsarət altında görmək istəmir. Manasın əsas məqsədi işğala və əsarətə qarşı çıxmaq, ədaləti qorumaq, insanların azad və ləyaqətli yaşamasını təmin etməkdir”.
Faiq Ələkbərli qeyd edir ki, Manas nə başqalarını özünə kölə görür, nə də başqa xalqların əsarəti altında yaşamaq istəyir. Bu xüsusiyyət türk xalqının mənəvi dünyasında azadlıq və ədalət anlayışlarının mühüm yer tutduğunu göstərir.
“Manasın oğlu və nəvəsi də əslində bu mübarizənin davamçılarıdır. Bütövlükdə Manasın dünyagörüşündə bir əlində qılınc, bir əlində qələm obrazı həm müdrikliyi, həm də cəngavərliyi ortaya qoyur”.
Ekspertin fikrincə, türk dünyasının düşüncə tarixində qəhrəmanlıq və cəngavərliklə yanaşı, ədalət və humanizm də mühüm dəyər kimi formalaşıb. Bu baxımdan “Manas” eposunun fəlsəfəsi Nizami Gəncəvinin yaradıcılığında əks olunan humanist və ədalətçi düşüncə ilə də müəyyən mənada səsləşir.
“Manasın ruhunda qədim türk inanclarını, Tanrı anlayışını, Oğuz xan və digər türk dünyası obrazlarını da görürük. Bu baxımdan Manasın dünyagörüşündə İslamdan əvvəlki qədim türk fəlsəfəsi ilə İslam dövrünün düşüncə sisteminin müəyyən məqamlarının uzlaşdırılması da olduqca önəmlidir”.
Faiq Ələkbərli hesab edir ki, müasir gənc nəsil türk dünyasının tarixi və mənəvi irsini bütöv şəkildə öyrənməlidir.
“İndiki gənc nəsil Manası, Dədə Qorqudu, Oğuz atanı, Nizami Gəncəvini, Səlcuqları, Uzun Həsəni, Şah İsmayılı və digər böyük şəxsiyyətlərimizi öyrənməlidir. Çünki bütün bunlar bir-birini tamamlayır və türk dünyasının tarixi-fəlsəfi düşüncəsinin müxtəlif mərhələlərini ifadə edir”.
Türkoloq-tarixçi vurğulayır ki, “Manas” bu baxımdan yalnız qəhrəmanlıq dastanı kimi deyil, türk xalqlarının azadlıq, ədalət, mənəviyyat və insanlıq haqqında düşüncələrini özündə birləşdirən böyük fəlsəfi abidə kimi qiymətləndirilməlidir.
Süsən Mərdalıqızı