Manatın məzənnəsi ilə bağlı vacib açıqlama: 2030-cu ilə kimi...
Manatın məzənnəsinin sabit qalması ölkə iqtisadiyyatına həm müsbət, həm də mənfi təsirlər göstərə bilər.
Məsələ ilə bağlı Liberal İqtisadiyyatçılar Mərkəzinin sədri Akif Nəsirli “Informator.az”a açıqlamasında sabit qalmasının müsbət və mənfi cəhətlərini deyib:
“Sabit məzənnə iqtisadiyyatda stabil gözləntilərin formalaşmasına şərait yaradır və bu da biznes planlaşdırmanı asanlaşdırır. İdxal olunan malların qiymətində kəskin dəyişiklik baş vermədiyi üçün inflyasiya təzyiqi azalır. Bundan əlavə, xarici borcların manat ifadəsində yükü artmır. Lakin sabit məzənnənin mənfi tərəfləri də mövcuddur. Əgər bu sabitlik Mərkəzi Bankın valyuta ehtiyatlarından asılı şəkildə qorunursa, uzunmüddətli dövrdə risklər yarana bilər. Həmçinin, digər ölkələrin valyutaları ucuzlaşdığı halda Azərbaycan məhsulları xaricdə nisbətən baha görünür və bu, rəqabət qabiliyyətini zəiflədir. Sabit kurs ixracatçıların gəlirlərini də məhdudlaşdıra bilər”.
Əlavə olaraq ekspert dəyişikliklərin güdəlik həyata təsirindən danışıb:
“Valyuta məzənnəsində baş verən dəyişikliklər gündəlik həyata da birbaşa təsir göstərir. Manatın dəyərdən düşməsi, yəni devalvasiya zamanı idxal olunan ərzaq, dərman və texnika məhsulları bahalaşır. Xaricdə təhsil və müalicə daha baha başa gəlir, həmçinin əmanətlərini manatda saxlayanların real alıcılıq qabiliyyəti azalır. Əksinə, manatın möhkəmlənməsi idxal mallarının ucuzlaşmasına səbəb ola bilər. Bu halda xarici səfərlər və təhsil daha münasib qiymətə başa gəlir. Lakin manatın möhkəmlənməsi ixracatçı şirkətlərin gəlirlərini azaldır və bu da dolayı yolla iş yerlərinə və maaşlara təsir göstərə bilər. Biznes və investorlar üçün sabitlik və proqnozlaşdırıla bilən mühit müsbət siqnal hesab olunur. Bu halda məzənnə riski azalır və həm yerli, həm də xarici investorlar üçün əlverişli şərait formalaşır. Ancaq kursun süni şəkildə saxlanılması ehtiyatlı yanaşmanı tələb edir. Çünki belə hallarda investorlar hər an kəskin dəyişiklik ola biləcəyini nəzərə alaraq daha diqqətli davranırlar. İxracat yönümlü bizneslər üçün sabit manat rəqabət imkanlarını azaltsa da, idxal və xidmət sektorları üçün fürsət yaradır və daha stabil gəlir təmin edir”.
Banuçiçək Qurbanova
