Marketdə hazır yeməklər: rahatlıq, yoxsa gizli risk?
Son illərdə marketlərdə qablaşdırılmış hazır yeməklərin çeşidi sürətlə artıb. Sürətli həyat tərzi yaşayan insanlar üçün bu məhsullar həm vaxta qənaət, həm də rahat seçim kimi görünür. Lakin bu cür qidaların tərkibi, saxlanma şəraiti və sağlamlığa təsiri ilə bağlı suallar da az deyil. İstehlakçılar çox zaman məhsulun üzərindəki məlumatlara tam diqqət yetirmədən seçim edir. Bəs bu rahatlığın arxasında hansı risklər gizlənir? Hazır yeməklər gündəlik qidalanmada nə qədər yer tutmalıdır?
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında qida eksperti Asim Vəliyev bildirib ki, elə bir dövrə çatmışıq ki, əksəriyyətimiz zəhmət çəkmədən hazır, sürətli qidalara üstünlük veririk:
“Artıq marketlərdə satılan hazır yeməklər həyatımızın qaçılmaz bir hissəsinə çevrilib. Bu qidalar yüksək natrium, doymuş yağlar və rəf ömrünü uzadan kimyəvi qatqı maddələri ilə zəngindir. Əsas risk faktorları qida təhlükəsizliyi zəncirinin, yəni soyuq zəncirin qırılması və mikrobioloji çirklənmədir. Balanslı istifadə etsək və etiketlərə diqqət etsək bu riski minimuma endirə bilərik. Hazır yeməklərin əksəriyyəti yüksək emala məruz qalan qidalardır. Dadı sabit saxlamaq üçün istehsalçılar çox vaxt gündəlik tövsiyə edilən limitləri keçirlər. Uzunmüddətli saxlama üçün istifadə olunan bitki yağları zamanla oksidləşə bilir. Bu da bədəndə iltihabi prosesləri stimullaşdırır. Hər “E” kodlu qida qatqı maddəsi də zərərli deməyimiz doğru olmaz. Məsələn, “E300” sadəcə vitamin C-dir. “E250” ət məhsullarında botulizm riskini qarşılamaq üçün istifadə olunur. Amma artıq miqdarda karsinogen təsir göstərə bilər. “E621”qatqı maddəsi ləzzət artırıcı olaraq istifadə olunur. Asılılıq yaradır. Doyma hissini gecikdirərək həddindən artıq kalori qəbuluna səbəb olur. Məhsul seçərkən istehlakçı olaraq etiket oxumaq vərdişi qazanmalıyıq. İçindəkilər siyahısı nə qədər qısa olarsa, məhsul bir o qədər təbiidir. Siyahının ilk üçlüyündə şəkər, duz, ya marqarin varsa, o məhsuldan uzaq durmalıyıq. Vakuumlu qablaşdırmada şişkinlik varsa, içəridə qaz hasil edən bakteriyaların fəaliyyətinin əlamətidir”.
Banuçiçək Məmmədova