Marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Salyan şəhəri, Bakı-Astara yolu 130-cu kilometr ünvanında yerləşən “Aystore” marketdə yoxlama keçirilib.
"İnformator.az" xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, market fiziki şəxs Ələkbərova Bahar Ağasəf qızına məxsus olub.
"İctimai iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub, eləcə də temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar müəyyən edilib. İstifadə müddəti bitmiş istehlaka yararsız qida məhsulları və etiket məlumatlarında uyğunsuzluqlar olan saxta alkoqollu içkilər aşkarlanıb. Yoxlama zamanı həmçinin satışa çıxarılan qida məhsullarına dair müvafiq müşayiətedici sənədlər təqdim edilməyib.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız məhsulların satışının qadağan olunması və dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Məhsullardan nümunələr götürülüb, araşdırmalar davam etdirilir", - məlumatda qeyd olunub.