Marketlərdə istehlaka yararsız məhsullar: Sağlamlığımıza gizli təhlükə
Son dövrlərdə marketlərdə istehlaka yararsız, istifadə müddəti bitmiş və ya düzgün şəraitdə saxlanılmayan məhsulların satışa çıxarılması ciddi narahatlıq doğurur. Bu cür halların artması həm istehlakçı hüquqlarının pozulmasına, həm də insanların sağlamlığına birbaşa təhlükə yaradır. Xüsusilə gündəlik tələbat məhsulları olan süd, ət və konservləşdirilmiş qidaların keyfiyyətsiz şəkildə satışa təqdim edilməsi zəhərlənmə və digər sağlamlıq problemlərinə səbəb ola bilər.
Mövzu ilə bağlı qida eksperti Asim Vəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, marketlərdə istehlaka yararsız məhsulların satışa çıxarılmasının bir neçə əsas səbəbi var:
“Əsas amillərdən biri böyük market şəbəkələrində məhsul dövriyyəsinin yüksək olmasıdır. “Əvvəl girən əvvəl çıxmalıdır” (FIFO) prinsipi düzgün tətbiq edilmədikdə, son istifadə tarixi yaxın olan məhsullar arxa rəflərdə qalır, yeniləri isə önə çəkilir. Digər mühüm səbəb soyuq zəncirin pozulmasıdır. Süd, ət, kolbasa və hazır yeməklər daşınma və saxlanma zamanı tələb olunan temperaturda qorunmadıqda, son istifadə tarixi bitməsə belə keyfiyyəti sürətlə aşağı düşür. Vitrinlərin tez-tez açılıb-bağlanması və ya yükləmə prosesinin uzanması da bu riski artırır. Bəzi hallarda isə yaxın tarixli məhsulların endirimlə satılması əvəzinə etiketlərin dəyişdirilməsi, qablaşdırmanın yenilənən kimi göstərilməsi və ya məhsulların diqqətdənkənar rəflərdə saxlanması kimi hallara rast gəlinir. Bu cür hallar geniş yayılmasa da, bazarda mövcuddur. Problemin yaranmasında nəzarət və cərimə mexanizmlərinin yetərincə effektiv olmaması da rol oynayır. Nəzarət tədbirləri aparılsa da, cərimələrin aşağı olması bəzi satıcılar üçün çəkindirici olmur. Belə məhsulların sağlamlıq üçün təhlükəsi onların növündən asılıdır. Xüsusilə, süd və süd məhsulları düzgün saxlanmadıqda bakteriyalar sürətlə çoxalır və bu, qida zəhərlənməsinə səbəb ola bilər. Ət, toyuq, balıq və hazır ət məhsulları da yüksək risk qrupuna daxildir və bu məhsullardan yaranan zəhərlənmələr daha ağır keçə bilər. Konserv məhsullarında isə qabın şişməsi, paslanması və ya zədələnməsi təhlükə əlamətidir. Son istifadə tarixi keçməsə belə, düzgün saxlanma şəraiti təmin olunmadıqda məhsul faktiki olaraq yararsız hala düşə bilər. İstehlakçılar qida seçərkən diqqətli olmalıdırlar. İstehsal və son istifadə tarixlərini dəqiq yoxlamaq, xüsusilə endirimli məhsullara qarşı daha diqqətli olmaq vacibdir. Soyuducu vitrinlərin temperaturuna, məhsulların yerləşdirilməsinə və saxlanma şəraitinə diqqət yetirmək lazımdır. Çəkili məhsullarda etiket məlumatları - kəsim və ya hazırlanma tarixi, saxlanma temperaturu və istehsalçı haqqında məlumatlar yoxlanmalıdır. Şübhəli hallarda isə çek saxlanılmalı, məhsul geri qaytarılmalı və ya rəsmi qaydada şikayət edilməlidir. Həmçinin yüksək riskli məhsullar alındıqdan sonra vaxt itirmədən uyğun şəraitdə saxlanmalıdır”.
Cavahir Əsgərbəyli