MDB-dən Avropaya: Moldovanın yeni xarici siyasət xətti
Moldova hökuməti Müstəqil Dövlətlər Birliyindən çıxaraq xarici siyasətini Avropa inteqrasiyası istiqamətinə yönəldir və regional əməkdaşlıq strategiyasını yenidən formalaşdırır. Bu addım ölkənin Avropa İttifaqı ilə əlaqələrini gücləndirməyə və regional siyasətdə mövqeyini möhkəmlətməyə xidmət edir.
Mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında bildirir ki, Moldova hökumətinin MDB-dən çıxmaq qərarı uzun müddətli siyasi və strateji prosesin nəticəsidir:
“Ölkədə rus meylli prezident İqor Dodonun hakimiyyətdən getməsindən sonra hakimiyyətə gələn Maya Sandu hökuməti ölkənin Avropa İttifaqına inteqrasiyasına fokuslanıb. Rusiya-Ukrayna müharibəsi dövründə belə bu proses dayanmayıb, əksinə daha da inkişaf etdirilib. Bu baxımdan MDB-dən çıxmaq qərarı gözlənilən addımdır və ölkənin regional siyasətində əhəmiyyətli dönüş nöqtəsi kimi dəyərləndirilir”.
Politoloq Turan Rzayevin fikrincə, Moldova MDB-dən çıxmaqla Rusiya ilə münasibətlərində yeni çağırışlarla üzləşəcək:
“Rusiya hələ də ölkədə nüfuzlu rusparaz qüvvələr vasitəsilə və Transdnyester bölgəsi üzərindən təsir imkanlarına malikdir. Bu amillər Moldovanın daxili sabitliyinə təsir edə və gərginlikləri artıraraq potensial qarşıdurmalara səbəb ola bilər. Qaqauz bölgəsinin mövqeyi də Avropa İttifaqı ilə inteqrasiya planlarına müəyyən çətinliklər yarada bilər. MDB-dən çıxış həm də Moldovanın Avropa İttifaqı ilə əlaqələrini gücləndirmək üçün strateji üstünlüklər yaradır. Ölkə Avropa strukturlarına inteqrasiya imkanlarını genişləndirərək, ticarət və investisiya sahələrində qarşılıqlı əməkdaşlığı möhkəmləndirə bilər. Bu addım həm siyasi, həm də iqtisadi baxımdan Moldovanın Avropa istiqamətli strategiyasını dəstəkləyir və regional mövqeyini gücləndirir. Moldova MDB-dən çıxmaqla yalnız Avropaya inteqrasiya prosesini sürətləndirmir, həm də öz daxili siyasi sabitliyini qorumaq və strateji qərarlarını daha müstəqil qəbul etmək imkanına malik olur. Bu, ölkənin həm qonşu regionlarda, həm də beynəlxalq arenada nüfuzunun artmasına xidmət edə bilər”.
Ayşə Müzəfərli
