MDB fond bazarlarında vahid məlumat sistemi yaradılır
MDB ölkələri fond bazarlarında qanunsuz fəaliyyətə qarşı mübarizəni gücləndirmək məqsədilə vahid məlumat mübadiləsi sisteminin yaradılması barədə razılığa gəlir. Bu təşəbbüs çərçivəsində üzv ölkələrin müvafiq qurumlarının iştirakı ilə xüsusi işçi qrup fəaliyyətə başlayır. Qrup fond bazarlarında şəffaflığın artırılması, risklərin vaxtında müəyyənləşdirilməsi və qanunsuz əməliyyatların qarşısının daha effektiv alınmasına yönəlir.
İclasda Azərbaycanla yanaşı bir sıra MDB ölkələrinin nümayəndələri, həmçinin Bakı və Moskva fond birjalarının təmsilçiləri iştirak edir. Tərəflər əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayır və növbəti iclasın gələn ilin ilk yarısında keçirilməsi planlaşdırılır.
Mövzu ilə bağlı iqtisadçı Vüqar Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, öz növbəsində, fond birjasında şəffaflığı və etibarı artırır:
“Fond birjalarında və qiymətli kağızlar bazarında qanunsuz fəaliyyətə qarşı mübarizə bir çox ölkələrdə, xüsusilə də inkişaf etmiş dövlətlərdə olduqca aktualdır. Belə fəaliyyətlərin qarşısının sistemli və əlaqələndirilmiş şəkildə alınması, bu sahədə nəzarətin gücləndirilməsi təqdirəlayiq bir haldır.
Bu cür yanaşmalar bir neçə müsbət nəticəyə səbəb ola bilər. İlk növbədə, qiymətli kağızların alqı-satqısı zamanı baş verən qanunsuz fəaliyyətlərin qarşısının alınması təmin olunur. Bu isə, öz növbəsində, fond birjasında şəffaflığı və etibarı artırır. Eyni zamanda, bu tədbirlər birjanın canlanmasına və daha çox investorun cəlb olunmasına da müsbət təsir göstərir. Əsas məqsəd investorların və bu bazarda iştirak edən vətəndaşların hüquqlarının, eləcə də onların iqtisadi maraqlarının qorunmasıdır.
Bu tip tədbirlər fond birjasının inkişafına birbaşa təsir göstərə bilər. Digər tərəfdən isə, bu yanaşmalar regional əməkdaşlıq baxımından da böyük əhəmiyyət daşıyır. Belə ki, bu cür sistemli addımlar region ölkələri arasında informasiya mübadiləsini, yaxşı təcrübələrin paylaşılmasını və ümumi inkişafı təşviq edir. Bu isə fond bazarının inkişafında maraqlı olan dövlətlər üçün xüsusi önəm kəsb edir”.
Aydan Əsgərxanlı
