Mədəniyyət və gənclər
Mədəniyyət bir millətin kimliyini, tarixi yaddaşını və mənəvi dəyərlərini yaşadan ən mühüm dayaqlardan biridir. Qloballaşmanın sürətlə yayıldığı dövrdə isə ənənələrin qorunması ilə yanaşı, onların müasir dünyaya uyğun şəkildə təqdim olunması vacib məsələyə çevrilir.
Bu mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında əməkdar mədəniyyət işçisi Telli Pənahqızı bildirib ki,milli mədəniyyətimizi dünyaya tanıtmaq üçün kino,musiqi və moda arasında seçimdə qalsaq biz bunu insanların, xüsusilə də gənclərin zövqünə bağlaya bilərik:
“Müasir gənclərin bir çoxunu əyləncədən, müstəqil qərarlar vərməkdən, bizim adət etdiyimiz, formalaşdırdığımız və qorumağa çalışdığımız bir çox dəyərlərdən imtina etmək meyilləri getdikcə daha çox hiss olunur. Belə bir deyim var: hər kəsyaşadığı zəmanəyə bənzəyir. Bizim gənclər də bu qloballaşan, əlçatan olan və əlçatan olduqca da həm kiçilən, həm də sürətlə eyniləşən, bir çox milli dəyərləri sıxışdırıb meydandan çıxaran bir dövrün meyvələridir və bu prosesi durdurmaq da imkansızdır. Ona görə də kim nəyi və necə bacarırsa, meydana atılır. İndi kino da vacibdir,musiqi də, moda da.Baxır sənin auditoriyan kimlər üçün hesablanıb, onu təşkil edənlərin məqsədi, niyyəti ədir. Milləti yaşadan milli dəyərlərdir, ancaq təəssüf ki, indi dünya bizim evimizdir və bir çox gənc dostlarımız da bu qarışıq dünyanın çaldığı havaya oynamağı müasirlik və fərqli inkişaf modeli sayır".
Həmçinin müsahibimiz bildirib ki, bu texnoloji inkişaf zamanın tələbidir:
“Dünya artıq sənin ovcunun içindədir,bir toxunuşla saniyələr içində istədiyin informasiyanı əldə edə bilərsən. Milli dəyərlərimizi qorumaq,təbliğ etmək, dünyaya tanıtmaqsa, bu texnoloji kəşfin xidmətində və üstünlüklərindən bəhrələnmək isə ondan istifadə edənin vətən sevgisindən, insana, insanlığa, millətə necə xidmət etmək arzusundan asılıdır”.
Eyni zamanda müsahibimiz bildirib ki, bu artıq çox qlobal məsələdir:
“Milli strategiyamızın ən mühüm bəndələrindən biridir. Sadəcə biz gələcək nəsillərə"bunu eləmək olmaz!" - qadağası qoymaq əvəzinə, "bunu necə eləsən daha çox tanına,daha yaxşı yaşaya,daha uğurlu karyeraya sahib olar,daha maraqlı işlər görə bilərsən!"-əzmini aşılanmalıyıq! Yeniyetmə övladımız, gənc dostumuz arxayın olmalı, inanmalıdır ki, böyük həyat təcrübəsi olan doğmaları, onların ətrafında olan insanlar üçün dəyərlidir, biz böyüklər onlara inanırıq, onlara hər zaman kömək əlimizi uzatmağa hazırıq, çünki ölkəmizin bütün sahələrdə inkişafı və tərəqqisi onlardan asılıdır!
Bütün dövrlərdə "atalar-oğullar" problemi olub, bu gün də var və hər zaman da olcaq! Sadəcə biz gənclərə inanmalı və onları da inandırmalıyıq ki, bu nəhəng dünyanın böyük xəritəsində bəzən nöqtə boyda görünən Azərbaycanın təhlükəsizliyi, gələcək inkişafı,dünya dövlətləri cərgəsində qürurla bayrağının dalğalanması onların Vətən sevgisindən, elmindən, bacarığından asılıdır. Bizim gəncliyimiz nə qədər güclü, dünya görüşlü və vətən sevdalı olsa, biz bir millət və dövlət kimi uzun ömürlü, əbədi olacağıq!”
Banuçiçək Məmmədova
