00:00:00
Yazar
Admin User
15.12.2025 19:12 126 2 dəq oxuma
Sosial

Media və xəbərlərdə dezinformasiya problemi

Media və xəbərlərdə dezinformasiya problemi

Müasir informasiya dövründə media insanların dünyanı dərk etməsində əsas vasitəyə çevrilib. Xəbərlərin sürətlə yayılması məlumat əldə etməyi asanlaşdırsa da, yanlış və yoxlanılmamış informasiyanın artmasına da səbəb olur. Dezinformasiya cəmiyyətdə çaşqınlıq yaradır, ictimai rəyə təsir edir və insanların düzgün qərar verməsini çətinləşdirir.

 

Mövzu ilə bağlı jurnalist Gözəl Mayılova “İnformator.az” saytına açıqlamasında bildirib ki, dezinformasiya cəmiyyət üçün çox təhlükəlidir:

 

“Dezinformasiya adi yanlış məlumatdan əsasən yayılma məqsədi və niyyəti ilə fərqlənir. Adi yanlış məlumat əksər hallarda bilmədən, diqqətsizlik və ya səhv mənbəyə inanmaq nəticəsində ortaya çıxır. Dezinformasiya isə qəsdən hazırlanır və yayılır, əsas məqsədi ictimai rəyi çaşdırmaq, insanları manipulyasiya etmək və müəyyən maraqlara xidmət etməkdir. Bu səbəbdən dezinformasiya cəmiyyət üçün daha təhlükəli hesab olunur.

 

Dezinformasiyanın yayılmasında media qurumlarının məsuliyyəti böyükdür. Media cəmiyyət üçün əsas məlumat mənbəyi olduğu üçün yayımladığı hər bir xəbərin dəqiqliyinə cavabdehdir. Faktların yoxlanılmaması, təsdiqlənməmiş mənbələrə istinad və sensasiya naminə yanlış məlumatın paylaşılması ictimai etimada zərbə vurur. Peşəkar media etik prinsiplərə əməl etməli, fakt-yoxlama mexanizmlərini gücləndirməli və səhv məlumat yayıldıqda bunu açıq şəkildə düzəltməlidir.

 

Bu prosesdə oxucu və izləyicinin rolu da az əhəmiyyət daşımır. Məlumat istehlakçıları qarşılarına çıxan hər xəbərə kor-koranə inanmamalı, mənbənin etibarlılığını araşdırmalı və məlumatı paylaşmazdan əvvəl müxtəlif mənbələrlə müqayisə etməlidirlər. Tənqidi düşüncə və media savadlılığı dezinformasiya ilə mübarizədə ən təsirli vasitələrdən biridir və cəmiyyətin sağlam informasiya mühitinin formalaşmasına töhfə verir”.

 

Ayisə Şərifova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər