Meşələrin məhvi: qlobal təhlükə və yeni həll yolları
Son illər ağacların sürətlə məhv edilməsi qlobal ekosistemlər üçün ciddi təhlükə kimi qiymətləndirilir. Beynəlxalq tədqiqatçıların araşdırmaları göstərir ki, bu prosesin əsas səbəbləri insan fəaliyyəti nəticəsində baş verən iqlim dəyişikliyi, meşə yanğınları, qasırğalar, həşəratlar və bitki xəstəlikləridir. Mütəxəssislər qeyd edblər ki, müasir texnologiyalar sayəsində ağacların sağlamlığı daha dəqiq izlənilə bilər, lakin əlavə bilik və sərmayəyə böyük ehtiyac var.
Mövzu ilə bağlı ekoloq Ənvər Əliyev "İnformator.az"a açıqlamasında bildirib ki, son illərdə planetin meşə örtüyü sürətlə azalır:
"Bu prosesin əsas səbəblərindən biri əhalinin artımıdır. Əhali artdıqca tikinti materiallarına, ərzağa və yeni yaşayış məskənlərinə ehtiyac artır. Bu ehtiyacların ödənilməsi üçün isə çox vaxt meşə sahələri qırılır. Şəhərlərin salınması, yolların çəkilməsi, infrastrukturun qurulması meşələrin seyrəlməsinə səbəb olur. Təbii hadisələr də meşə örtüyünə mənfi təsir göstərir. Meşələr seyrəldikcə torpaq sürüşmələri artır, torpağın üst qatı yuyulur və yeni problemlər yaranır. Bu zaman torpaqlar dövriyyədən çıxarılır, əlavə torpaq sahələrinə ehtiyac yaranır ki, nəticədə daha çox meşə qırılır. Bu cür proseslər Azərbaycanda da müşahidə olunur. Yeni tikililər üçün ağacların kəsilməsi torpaq sürüşmələrinin çoxalmasına səbəb olur və ekosistem balansını pozur. Bəzi ölkələrdə bu problemlə mübarizə üçün xüsusi yanaşmalar tətbiq olunur. Məsələn, Rusiyada meşələrin idarə olunmasında qanuni mexanizm mövcuddur: müəyyən gigiyenik və ekoloji səbəblərə görə yaşlanmış ağaclar mütləq kəsilir, çünki onlar xəstəliklərin yayılmasına səbəb ola bilər, lakin hər qırılan ağacın yerinə yenisi əkilir. Bu, meşə ehtiyatlarının davamlı şəkildə qorunmasına xidmət edir. Bundan əlavə, meşələr təkcə tikinti üçün deyil, həm də oduncaq, yanacaq və digər məqsədlərlə istifadə olunur. Soyuq iqlimli ölkələrdə ağacın enerji mənbəyi kimi istifadəsi geniş yayılıb".
Ekoloq vurğulayıb ki, müasir texnologiyalar da meşələrin qorunmasında mühüm rol oynayır:
"Son illərdə tikintidə və gündəlik həyatda ağac əvəzedicisi olan materiallardan istifadə olunur. Qapı, pəncərə, döşəmə və digər tikinti elementlərinin hazırlanmasında plastik və sintetik materiallara üstünlük verilir. Laminat döşəmələr, plastik qapı-pəncərələr buna misal ola bilər. Bu cür texnologiyalar ağacdan asılılığı azaldır və təbiətə təzyiqi müəyyən qədər zəiflədir. Bəzi ölkələrdə əvvəllər heç mövcud olmayan ərazilərdə yeni meşə sahələri salınır. Bu, gələcəkdə tikinti və sənaye məqsədləri üçün dayanıqlı resurs yaratmaq məqsədi daşıyır. İndoneziya-ekvatorial qurşaqda yerləşən bu ölkə, dünyanın ən böyük tropik meşələrinə sahibdir. Bu meşələr “planetin ağciyərləri” hesab olunur, çünki onlar oksigen istehsalının əsas mənbəyidir. Lakin son illərdə İndoneziyada meşələrin böyük hissəsi qırılaraq yerinə palma plantasiyaları salınır. Palma ağacları qida sənayesində geniş istifadə olunduğuna görə bu proses iqtisadi məqsədlərlə aparılır, amma ekvatorial meşələrin qırılması təkcə regional yox, qlobal problem yaradır. Oksigen istehsalının azalması insan ömrünü birbaşa təhdid edə bilər. Meşələrin məhv edilməsi qida və tikinti ehtiyacları hesabına aparılmamalıdır. Problemin həllində müasir texnologiyalardan istifadə, alternativ materialların tətbiqi və yeni meşə sahələrinin yaradılması əsas istiqamətlər olmalıdır. Yalnız bu yolla həm ekosistemlərin, həm də insanların gələcəyi qoruna bilər".
Sura Əliyeva
