Metrolarda qatarların tuneldə ani dayanması: risk yoxsa təhlükəsizlik?
Metro sərnişinləri bəzən qatarın stansiyaya çatmamış tuneldə qəfil dayanması ilə qarşılaşır. Bu hallar xüsusilə Bakı Metropoliteni sistemində də zaman-zaman müşahidə olunur və sərnişinlər arasında narahatlıq yaradır. Qatarın tuneldə dayanması texniki nasazlıq, siqnalizasiya problemləri, qarşıdakı qatarda yaranan gecikmə və ya təhlükəsizlik məqsədilə tətbiq olunan məhdudiyyətlərlə bağlı ola bilər.
"İnformator.az" mövzu ilə bağlı vətəndaşların rəyini alıb.
Sərnişin Famil Məmmədov fikirlərini bizimlə bölüşüb:
“Məncə belə dayanmalara əvvəlcədən izah verilsə, sərnişinlər daha sakit qarşılayar. Əsas problem məlumat çatışmazlığıdır".
Digər sərnişin Nigar Rzazadə narahatlığını bildirib:
“Bəzən qatar tuneldə dayananda qorxu hissi keçirirəm, xüsusilə də səbəb açıqlanmayanda. Amma anlayıram ki, bu, təhlükəsizlik üçündür".
Mövzu ilə bağlı eyni zamanda “İnformator.az”a AzMİU-nun "Nəqliyyat" fakültəsinin baş müəllimi, t.ü.f.d. Bulud Bağırov bildirib ki, tuneldə dayanma əsasən texniki və təhlükəsizlik səbəblidir:
“Qlobal metro sistemlərində bu hallar üçün hazır protokollar var. Ventilyasiya: Normalda qatar hərəkəti ilə, dayanma zamanı isə mexaniki sistemlərlə təmin olunur, müasir metro sistemləri bu vəziyyətləri idarə olunan risk kimi qəbul edir. Bakı metrosunda da səbəblər dünyadakı kimidir: Elektrik problemi, kontakt relsdəki gərginlik, qatarın avtomatik dayanması, siqnalizasiya sistemi, qatarlararası məsafənin qorunması, qarşıda problem varsa, stop olur, qapı və ya texniki nasazlıq,qapı tam bağlanmayıbsa, qatar hərəkət etmir, dispetçer müdaxiləsi, mərkəzdən təhlükəsizlik üçün saxlanıla bilər. Yəni çox vaxt bu dayanma “problem” yox, təhlükəsizlik tədbiridir. Evakuasiya çox nadir olur, amma plan var: Tuneldə piyada yol(xilasetmə keçidi) var. Sərnişinlər: Qatarın qapısından düşür, İşçilərin müşayiəti ilə stansiyaya aparılır”.
Banuçiçək Məmmədova