Milli Müdafiə Universitetinin tabeli müəssisələrinə qəbul: Fiziki-idman normativləri nə qədər vacibdir?
Son dövrlərdə Milli Müdafiə Universitetinin tabeli müəssisələrinə qəbul prosesində fiziki hazırlıq normativlərinin tətbiqi gündəmə gəlib. Bu normativlər tələbələrin döyüş qabiliyyəti, fiziki dözümlülüyü və ümumi sağlamlıq vəziyyətini ölçmək üçün nəzərdə tutulur.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, Milli Müdafiə Universitetinin qoyduğu normativlər turnikdə qaçışdır:
“Digər təhsil müəssisələri ilə müqayisədə, Milli Müdafiə Universitetinin tabeliyində olan hərbi məktəblərə qəbul zamanı fiziki idman normativlərinin tətbiqi olduqca vacibdir. Bu, həm seçim keyfiyyətini artırır, həm də gələcəkdə formalaşacaq zabit heyətinin real döyüş şəraitinə uyğun hazırlığını təmin edir. Mövzuya iki istiqamətdən baxmaq mümkündür. İlk olaraq, hərbi peşənin mahiyyəti yüksək fiziki hazırlıq tələb edir. Hərbi xidmət yalnız nəzəri biliklərlə məhdudlaşmır; həm də davamlı fiziki dözümlülük, sərt iqlim şəraitinə uyğunlaşma, güc, çeviklik və stresə davamlılıq tələb edir. Fiziki normativlər namizədlərin qaçış sürətini, dözümlülüyünü, gücünü, çevikliyini, ürək-damar sağlamlığını yoxlamağa imkan verir ki, bu da gələcək tapşırıqların uğurla icrasına birbaşa təsir edir. Digəri isə, normativlər döyüş hazırlığı standartlarını artırır və bu prosesə hazır olmayanların qarşısını alır. Fiziki hazırlıq həm də gələcək rəhbərlik qabiliyyətinə təsir edir, çünki zabit yalnız özünü deyil, tabelikdəki şəxsləri idarə etməlidir. Fiziki cəhətdən zəif zabitin nüfuz qazanması, döyüşdə komandanlıq etməsi və komandaya rəhbərlik etməsi çətin olur. Bu səbəbdən fiziki hazırlıq liderlik keyfiyyətlərinin formalaşmasında normativ rolunu oynayır. Standartlaşdırma vacibdir, çünki hərbi xidmət universal qaydalar üzərində qurulmalı, hər kəs eyni minimal fiziki qabiliyyət tələblərinə cavab verməlidir və obyektiv qiymətləndirilməlidir. Bu, həm subyektivlik və ədalətsizlik riskini azaldır, həm də beynəlxalq standartlara uyğun hərbi təhsil imkanını artırır. Dünyanın bir çox ölkəsində məsələn, ABŞ və Türkiyə hərbi akademiyalarında və məktəblərində fiziki testlər yaş, cins və bədən çəkisinə görə nisbi korreksiya tətbiq olunur. Azərbaycanda da qadınların və kişilərin fiziki göstəriciləri fərqli olduğundan normativlər ədalətli seçim və keyfiyyətli kadr hazırlığı üçün zəruridir. Nəticə olaraq, fiziki normativlər yalnız sağlamlıq və liderlik göstəricilərinə təsir etmir, həm də gələcək zabit heyətinin effektivliyini təmin edir. Normativlər yaş, cins və fərdi bədən quruluşuna uyğun tətbiq edildikdə daha ədalətli və məqsədəuyğun seçim təmin edilir”.
Gövhər Mehyəddinova