Millət atası, yoxsa “istismarçı kapitalist?”
Bu gün H.Cavid, H.S.Ayvazov, Ə.Kamal, Ə.Müznib, A.Sur, A.Şaiq, A.Səhhət, A.Çövdət, M.Hadi və daha neçə-neçə “Füyuzat”çının “ideyalarına bağlılığını, mehr-məhəbbətini, heyranlığını yaşadan gənc “Füyuzat”çılarımız var. “Füyuzat”ın “tülundan hasil olan sevinc” bu günkü amal davamçılarının Sizlərə olan sevgisidir, sayğısıdır ki, yenidən söz meydanında tüğyan edirsiz. Əli bəy, Cavid əfəndi ağayanalığını işinizdə, əməlinizdə doğrultdunuz. “Füyuzat”ı yaşatmaqla, öyrənməklə bir daha sübut etdiniz ki, böyük bir xalqın “milli istiqlal uğrunda apardığı mübarizə tarixini yaşadırsınız”. “Füyuzat”ın varisi olmaq missiyasını öz üzərinə götürmüş və bu gün bu işin öhdəsindən ləyaqətlə gələn gənc “Füyuzat”çılar Sizin amal davamçılarınız deyilmi?!
Hacı Zeynalabdin Tağıyev haqqında ilk dəfə tarixçi alim Mövsüm Əliyevdən eşitdim, Azərbaycan Sovet Ensiklopediyasından isə oxudum (IX cild, 1986, s.121). Eyni ildə (1986) eşitdiklərimlə oxuduqlarım arasında yerlə-göy qədər ziddiyyət var idi. Tarixçi alimin millət atası adlandırdığı, “təkcə milyonları ilə yox, şəxsi ləyaqəti, insanpərvərliyi, maarifpərvərliyi, xeyirxahlığı ilə yalnız Azərbaycanda deyil, Rusiyada da böyük hörmət-hzzət sahibi olan H.Z.Tağıyev”i sovetlərin “ən mötəbər” kitablarından olan Azərbaycan Sovet Ensiklopediyası isə “burjua” adıyla qamçılayırdı: “Fəhlələrin amansız istismarı nəticəsində H.Z.Tağıyev Rusiyanın ən varlı şəxsiyyətlərindən birinə çevrilmişdi. Ağır iş şəraiti, əməkhaqqının azlığı, müdiriyyətin özbaşnalığı və s. Tağıyevin müəsisəsində bir sıra nümayiş və tətillərin baş verməsinə səbəb olmuşdu. Azərbaycan burjuaziyasının digər nümayəndələri kimi Tağıyev də inqilabi hərəkata qarşı mübarizə aparan irticaçı qüvvələri müdafiə etmişdir”.
Azərbaycan Sovet Ensiklopediyasının bu sayının redaksiya heyətinə baxdım; təəssüf hamısı öz alimlərimiz idi. Hətta bir necəsinin ata-babası Hacının hesabına oxuyub əli şörəyə çatmışdı. Tarixçi alimlərimizin sovetlərə sədaqət nümayiş etdirdikləri bir vaxtda sovetlər artıq mərkəzdə, Moskvada “yenidənqurma, aşkarlıq” adı ilə son günlərini yaşayırdı. Bizdə isə hələ də onlara qarşı olan sevgininmi, yaxud qorxununmu (əsasən qorxunun) nəticəsi olaraq ağa qara, qaraya ağ deyilirdi...
Azərbaycan Sovet Ensiklopediyasının bu nəşri işıq üzü görəndən (1986) cəmi bir il yarım sonra tarixçi alim Mövsüm Əliyev ilk dəfə olaraq “Odlar yurdu” qəzetinin 14 iyul 1988-ci il tarixli sayında “Maarifpərvər H.Z.Tağıyev” adlı məqaləsində xalqımızın tarixində parlaq və unudulmaz iz qoymuş tanınmış maarifpərvər, millətsevər xeyriyyəçi haqqında bütün qaranlıq mətləbləri işıqlandırırdı. Bu məqalə bir tərəfdən on illər boyu təhrif edilmiş, qərəzli yanaşılmış tariximizin bərpası, haqqı tapdanan şəxsin bəraəti idisə, digər tərəfdən də milli heysiyyətin, milli mənlik hissinin, milli şüurun dirçəldilməsinə bir təkan idi.
Xalqın gün-güzaranını yaxşılaşdırmaq üçün Kür suyunun Bakıya daşınması, şəhərdə atlı nəqliyyat vasitəsinin (konka) yaranması, zaqafqaziyada ilk toxuculuq fabrikinin tikilməsi (toxuculuq fabrikinin tikilməsi ilə Hacı Azərbaycan yüngül sənayesinin bünövrəsini qoydu), un dəyirmanının tikilməsi, Şollar su kəmərinin çəkilməsi, Peterburuqda Müsəlman Xeyriyyə Cəmiyyəti binasının tikilməsinə maddi yardım, Bakıda ilk qız məktəbinin açılması, ilk teatr binasının tikilməsi, “Kaspi” qəzetinin mətbəəsini və redaksiyasını alaraq Azərbaycan ziyalılarının tribunasına çevirməsi, onlarla mətbu orqanlarına maddi dəstək verməsi, Avropada iri “iqtisadi və ticarət əlaqələrində görkəmli bir sima”ya çevrilməsi, ən əsası, onun müavinəti ilə təhsil alan gənclərin Azərbaycanın müstəqil bir dövlət olmasında və dünyaya tanıdılmasında böyük rol oynaması və daha nələr, nələr... bu millət atasının adı ilə bağlı deyilmi?
Sovetlər Azərbaycanı işğal edənədəkyazılan bütün əsərlərdə Hacı millət atası, maarifpərvər insan, xeyriyyəçi kimi hörmət-izzətlə təqdim edilirdi. Məsələn, Nəriman Nərimanov 1900-cü ildə yazdığı “Hacı Zeynalabdin Tağıyevin əlli illik məişəti və cəmaətə xidmətləri” adlı əsərində Hacının müəssisələrində işləyən bir qrup fəhlənin dilindən yazırdı: “Hərçənd bizə rahatlıq yoxsa da, bununla belə, Hacının mülayimliyi və insaniyyəti bizim ona can-dillə xidmət etməyimizə səbəb olmuşdu. Bizə heç bir yaman söz deməyir, təqsirimizdən keçirdi, qayğımıza qalırdı”.
Əslində Hacı təkcə öz müəssisələrində işləyənlərin deyil, bütün xalqın qayğısına qalır, çətin anda əl uzadırdı. Mirzə Cəlilin ömür-gün yoldaşı Həmidə xanım Cavanşir (Məmmədquluzadə) “Xatirələrim”də yazırdı: “1907-ci ildə Qarabağda əkin-biçin adına nə varsa, hamısını çəyirtkə vurdu. Dəhşətli bir aclıq və yatalaq bölgəyə hakim kəsildi... Ağdamda poçtdan mənə 1.000 manatlıq vəsaitin qəbzini təqdim etdilər. Bu pulu millət atası (H.Z.Tağıyev) göndərmişdi”.
Türkçülük tarixində yeni mərhələ açan, Qafqaz türklərini çox sevən və onların hər bir sahədəki naliyyətlərini yüksək dəyərləndirən İsmayıl bəy Qaspıralı “Bağçasaraydan Daşkəndə səyahət” əsərində Hacını belə təsvir edirdi: “Hacı dedikdə böyük və qalın əmmaməli, uzun xalatlı, ya cübbəli uzun və ağ saqqallı adam ğöz önündə canlanır, elə deyilmi? Hacı imiş, amma xəyal etdiyimiz kimi deyilmiş! Kamal yaşında, qara saqqallı, qara papaqlı bir adamdır. Ona başı əmmaməli yox, başı ali fikirlərlə dolu, xalatlı, cübbəsi uzun yox, gözəl əməllərdən libaslı gördüm”.
Həm qəribə, həm də acınacaqlı olan odur ki, sovet dövründə bizim “başbilənlərimiz” bu yaxşılıqların əvəzi olaraq Hacının varidatını Moskvaya daşıdaraq özünü kiçik bir daxmaya məhkum etdilər. Hacı dünyasını dəyişəndən sonra vətəndə qalan yeganə övladı Sara xanıma “ruhi xəstə” kimi yalnız Mərdəkandakı ruhi xəstəxanada yer oldu. Evini-işini əlindən alaraq küçələrə salsalar da “Azərbaycanda düz otuz beş il Sara xanıma iş “tapılmayıb” –Q.D.), Azərbaycan SSR Səhiyyə Nazirliyindən fərqli olaraq Tanrı onu “ruhi xəstə” etmədi və bütün bu haqsızlıqlara dözməyə güc verərək haqqın bərpasını görməyi qismət etdi.
Hacı xalqına göstərdiyi misilsiz xidmətləri millətinə, vətəninə olan sevgisi sayəsində öz maddi sərvəti hesabına etmişdi. Təbii ki, Hacıya bu sərvət nə atadan-babadan qalmış, nə rüşvət yolu ilə, nə də kimsənin əlindən zor gücünə almışdı. On yaşından palçıq daşıyan, daş yonan, bənnalıq edən Hacı zəhmətinin, ağlının, səbrinin gücünə milyonçu Tağıyev olmuşdu. Tanrının da ona ən böyük hədiyyəsi o olmuşdu ki, “varlandıqca onun daxili və mənəvi keyfiyyətləri daha da durulurdu” (çoxlarından fərqli olaraq). Güclü ağıl və iradə onu sözdə yox, əməldə Qafqaz müsəlmanlarının fəxrinə çevirmişdi.
Tarixi mənbələrdən belə aydın olur ki, Hacının çar Rusiyasında böyük hörməti olub. Çar ailəsinin bütün yüksək mərasimlərinə Bakı milyonçuları arasında çox vaxt onun dəvət olunması çoxlarının, xüsusən də erməni milyonçusu Tumanyanın ürəyincə olmurdu. Hacıya qarşı gizli kin-küdurət bəsləyən, onu xalq arasında hörmətdən salmaq istəyən bu gedələr (çörəyi dizi üstə olanlar) işi özümüzünkülərin əli ilə həyata keçirirdilər.
Belə hadisələrdən biri 1912-ci ildə baş verir. “O dövrdə fövqəladə bir hadisə kimi böyük hay-küyə səbəb olan” bu olay haqqında dövri qəzetlərdə yazılar çap olunsa da, erməni və rusdilli mətbuat məsələni qərəzli olaraq şişirdərək, yanlış məlumatlar verərək Hacını nüfuzdan salmağa çalışırdı.
Məsələn, 1912-ci ildə “Rossiya utro” qəzetində çap olunan “İbtidai hammal, şimdi milyoner” sərlövhəli məqalə haqlı olaraq milyonlarla müsəlmanların qəzəbinə, etrazına səbəb olub. Çünki məqalə müəllifi qərəzli olaraq xalqımızın maarifpərvər, millətsevər, xeyriyəçi oğlu H.Z.Tağıyevi isteza hədəfinə çevirərək haqsız tənqid atəşinə tutub. Görkəmli qələm sahiblərimizin əksəriyyəti buna etraz olaraq dövrü mətbuatda öz fikirlərini bildirdilər. Bu haqqda tanınmış jurnalist Sənətulla Eynulla İbrahimov yazırdı: “Neyçün iyirmi milyon müsəlmanlara bir milyonçu çox görünüyor? Məlum ya... Bunlar burada yalnız bir sıra hammal, bir sürü səfil və sərsəri görmək istiyor. Şimdi Tağıyev kimi milyonerlərə qarşı bir paxıllıq var bunlarda” (Bax: “İqbal” qəzeti 13 mart, 1912, N-6 və 28 mart 1912, N-19). (Onu da qeyd edək ki, dövrün rusdilli mətbu orqanlarında bu məzmunlu məqalələr onlarladır).
Arxiv sənədlərindən aydın olur ki, H.Z.Tağıyevi “Bakıdakı müsəlman, rus, erməni və yəhudi cəmiyyəti-xeyriyyələrinin hamısı özlərinə fəxri sədr” seçsələrdə, onun sərvətindən geninə-boluna istifadə etsələr də, onun zənginliyini və uğurlarını həzm edə bilməmişlər. Həm də ona görə həzm edə bilməmişlər ki, Hacı bütün varlığı ilə “sərvətini xalqının xoşbəxt gələcəyi, rifahi üçün” uf demədən geninə-boluna sərf edən səxavətli şəxsiyyət idi.
BDU-nun professoru Qərənfil Dünyaminqızı
