00:00:00
Yazar
Aysel Mirzəyeva
07.05.2026 20:45 33 4 dəq oxuma
Sosial

Minimalizm trendi: Az yaşamaq daha xoşbəxt edir?

Minimalizm trendi: Az yaşamaq daha xoşbəxt edir?

Son illərdə xüsusilə gənclər arasında “minimalizm” həyat tərzi geniş yayılmağa başlayıb. Daha az əşya, daha az istehlak və daha sadə həyat prinsiplərinə əsaslanan bu yanaşma bir çoxları üçün azadlıq və rahatlıq simvoluna çevrilib. İnsanlar artıq çoxluğa deyil, keyfiyyətə üstünlük verməyə çalışır. Lakin bu trend həqiqətən xoşbəxtliyi artırır, yoxsa sadəcə müasir dövrün növbəti dəbidir?

 

Mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova "İnformator.az"a açıqlamasında bildirib ki, minimalizm insana daxili rahatlıq verir:

 

“Son dövrlər minimalizm artıq həyat tərzinə çevrilib. Nəyə görə bunu həyat tərzi adlandırırıq? Çünki bu anlayış insan psixologiyasına həm müsbət təsir göstərir, həm də bəzi hallarda müəyyən çətinliklər yarada bilir. İnsan yalnız əşyalarını azaltmaqla kifayətlənməməli, eyni zamanda düşüncələrindəki artıq yüklərdən də uzaqlaşmalıdır. Minimalizmin müsbət tərəflərindən biri odur ki, stressi azaltmağa kömək edir. İnsan hər şeyi birdən həll etməyə çalışmaq əvəzinə, həyatındakı artıq yükləri asta-asta azaltdıqca daxili rahatlıq hiss etməyə başlayır. Məsələn, əvvəlki kimi çox alış-veriş etmirsən, daha az əşya alırsan və beynindəki qarışıqlığın azaldığını hiss edirsən. Hətta aldığın əşyaları yerləşdirərkən belə ruhunda bir sakitlik yaranır. Çünki hər şey daha nizamlı və idarəolunan olur. Artıq “yorğunam, sonra düzəldərəm” düşüncəsi də azalır. Biz bilirik ki, alış-veriş prosesi özü də insan beynini yorur. Amma minimalist həyat tərzini seçən insanlarda zamanla görünür ki, onlar gərginliyi azaltdıqları üçün daha az yorğunluq yaşayırlar. Bununla yanaşı, minimalizm maddi təzyiqi də azalda bilir və bu da emosional yüngüllük yaradır. Bəzi insanlar istifadə etmədikləri əşyalardan ayrıldıqda belə daxili rahatlıq hiss edirlər. Çünki düşünürlər ki, həmin əşya artıq kiməsə lazım olacaq. Psixoloji baxımdan bu yükdən azad olmaq insana emosional rahatlıq verir və eyni zamanda insanın özünü tanımasına kömək edir. İnsan özünə sual verir: “Bu mənə həqiqətən lazımdırmı?” Məhz bu zaman insanın daxili dəyərləri daha aydın ortaya çıxır. Amma minimalizm hər kəs üçün eyni dərəcədə uyğun olmaya bilər. Bəzi insanların emosional bağ qurduğu əşyalar olur və həmin əşyalar onlarda təhlükəsizlik hissi yaradır. Buna görə də onlardan birdən-birə ayrılmaq narahatlıq yarada bilər. Minimalist düşüncə bir növ zehni detoks kimidir. Necə ki, insanlar detoks çaylarının orqanizmi təmizlədiyini düşünürlər, minimalizm də zehni artıq yüklərdən təmizləyərək beyində yüngüllük hissi yaradır. Sanki insan düşüncə baxımından artıq “zəhərlərdən” təmizlənir və daha rahat hiss edir”.

 

Sosioloq Mail Yaqub da həmçinin mövzuya münasibət bildirib:

 

“Minimalizm son illərdə bir dəb kimi meydana çıxıb. Ev təmirində minimalizm, həyat tərzində minimalizm, geyimdə minimalizm və s. Əslində bu, dəb olsa da, faydalı bir tendensiyadır. Çünki insanı təmtəraqdan uzaqlaşdırır. Mən də çıxışlarımda bunu tez-tez vurğulayıram: təmtəraqlı toylar, yas mərasimləri, qonaqlıqlar və həddindən artıq dəbdəbəli süfrələr artıq insanlara əlavə yük yaradır və bunlardan uzaqlaşmaq lazımdır. Bəzən insanlar imkanlarından artıq xərclərə girdikləri üçün bu vəziyyət onları psixoloji gərginliyə, hətta depressiyaya sala bilir. İnsan öz gücünü aşan xərclər etdikdə sonradan bunun maddi və mənəvi problemlərini yaşayır. Minimalizm isə bu baxımdan daha sağlam yanaşmadır. İnsanlara göstərir ki, daha az şeylə də xoşbəxt olmaq mümkündür. Bu yanaşma bir tərəfdən də zərurətdən yaranıb. İnsanlar həyat şərtlərinin çətinləşdiyini, xərclərin artdığını görürlər və nəticədə daha sadə yaşam tərzinə yönəlirlər. Yəni minimalizm artıq yalnız dəb deyil, müəyyən mənada ehtiyacdan doğan bir seçimdir. Əslində bunun tarixdə də nümunələri var. Məsələn, qədim Yunan fəlsəfəsində Stoisizm cərəyanı mövcud idi. Stoiklərin əsas düşüncəsi belə idi: xoşbəxt olmaq istəyirsənsə, daha az şeyə sahib ol və daha az istəklə yaşa. Bu yanaşmanı müasir dövrdə də tətbiq etmək mümkündür. Hətta müqəddəs dinimizdə də buna yaxın prinsiplər var: insanın azla kifayətlənməsi və sadə yaşaması təşviq olunur. Bunun əksi də var. Elə insanlar var ki, nə qədər qazansalar da, doymurlar. Nə pul onları tam qane edir, nə də var-dövlət. Mən belə insanların nümunələrini də görmüşəm. Problemin kökü də məhz buradadır. Minimalizm müəyyən mənada kapitalist düşüncəyə zidd görünür. Çünki kapitalizm daha çox istehlakı təşviq edir. Hətta bəzi hallarda israfın özü belə iqtisadi dövriyyənin artmasına xidmət edir: istehlak çoxalır, istehsal artır və iqtisadiyyat hərəkətdə qalır. Minimalizm isə bunun əksinə olaraq insanı daha az istehlaka çağırır. Amma düşünmürəm ki, minimalist həyat tərzi cəmiyyəti istehsal baxımından geriyə aparsın. Əksinə, müasir iqtisadiyyatda da artıq israfın əleyhinə olan yanaşmalar güclənir. Çünki həddindən artıq istehlak gələcəkdə ciddi problemlər yarada bilər: resursların tükənməsi, ekoloji problemlər, dünyada aclığın artması və s. Buna görə də minimalizm təkcə fərdi seçim deyil, həm də sosial və iqtisadi baxımdan düşündürücü bir yanaşmadır”.

 

Arzu Poladova

 

#xoşbəxt #xəbər #trendi: #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər